İsrail səfiri Lənkərana gəlib FOTOLAR

İsrail səfiri Lənkərana gəlib FOTOLAR

Sentyabrın 6-da İsrail dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stav Lənkərana səfərə gəlib. SİA-nın məlumatına görə, rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətində görüş keçirilib. İcra başçısı Taleh Qaraşov səfirə Lənkəranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verib, iqtisadiyyatın əsasını təşkil edən tərəvəzçiliyin, çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər, aqrar bölmənin dirçəldilməsi üçün atılan addımlar barədə söz açıb, rayonun turizm potensialını diqqətə çatdırıb, xarici turizmin inkişafına diqqətin artırıldığını bildirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini söyləyib, "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi barədə fikirlərini bölüşüb, Lənkəranın kənd təsərrüfatında, elm, təhsil və turizm sahəsindəki potensialı ilə, rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanıb.

Görüş zamanı həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda səfirə Lənkəran xalçası və çayı hədiyyə edilib.

Səfər çərçivəsində cənab Dan Stav şəhərlə tanışlıq məqsədilə Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Müalicə-diaqnostika mərkəzində, "Nur-Süd" Palmali süd emalı, Lənkəran konserv zavodlarında olub, "Yaşıl çay" fermer təsərrüfatında çay plantasiyasına, Sütəmurdov kəndi ərazisində yeni salınmış Koreya sortlu hallobong sitrus meyvəsi plantasiyasına və Hirkan Milli Parkına və sitrus bağlarına baxış keçirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə