Nəsimi rayonu yeni tədris ilinə hazırdır

Bununla bağlı Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilib
Nəsimi rayonu yeni tədris ilinə hazırdır

Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub. Rayonda 8 ali, 25 orta və 34 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

SİA-nın verdiyi məlumata görə, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb.

Qeyd olunub ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmr olunmuşdur. Dövlət Proqramına uyğun olaraq rayonumuzda hal hazırda 247 saylı tam orta məktəb əsaslı təmir olunub.

Ölkə başçısı cənab İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Nəsimi rayonunun təhsil müəssisələri üzrə:

11 və 268 saylı xüsusi məktəblərin, 52, 102, 119 saylı uşaq bağçalarının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının, 7 saylı musiqi məktəbinin əsaslı təmiri nəzərdə tutulub. Təhsil müəssisələrində yaradılan şərait burada təhsilin səviyyəsinin artmasına birbaşa şərait yaradır.

Yay tətili zamanı rayonun bütün orta məktəblərdə cari təmir işləri aparılıb.

Bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 28 nəfər, 54 saylı məktəbdən 18 nəfər, 19 saylı orta məktəbdən 16 nəfər, 5 saylı məktəbdən 12 nəfər, 14 saylı orta məktəb və Elitar Gimnaziyadan 10 nəfər 500-dən çox bal toplayıb.

Tədbirdə çıxış edən Texniki Humanitar Liseyinin direktoru Səidə Zeynalova Nəsimi rayon təhsilinin uğurlarından danışıb, qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

2015-2016-cı tədris ildə 695 bal toplamış məzun Fatimə Abdinli və 690 bal toplamış Aidə Qəhrəmanova təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 300 yaxın uşağa isə məktəbli forması hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə