Azərbaycan XİN-dən ÜTT açıqlaması

Azərbaycan XİN-dən ÜTT açıqlaması

Xarici İşlər Nazirliyinin mət5buat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi ilə bağlı açıqlama verib. SİA-ya daxil olan açıqlamada deyilir ki, bir sıra kütləvi informasiya vasitələrində xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin müsahibəsinə istinadən "Azərbaycan Ümumdünya Ticarət Təşkilatından (ÜTT) 1 milyard ABŞ dolları istəyib" başlıqlı məqalələr yerləşdirilib.

Müsahibədə səsləndirilmiş fikirlərin düzgün və mahiyyəti üzrə işıqlandırılmasını təmin etmək və bəzi yanlışlıqları aradan qaldırmaq üçün bildiririk: "Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun artımı və ərzaq təhlükəsizliyinin təmin olunmasında, o cümlədən ixracının təşviqi və strukturunun təkmilləşdirilməsində kənd təsərrüfatı sektoru mühüm rola malikdir və bu xüsusda, Azərbaycan hökuməti tərəfindən sözügedən sahənin subsidiyalar ayrılmaqla dəstəklənməsi davam etdirilməkdədir. Hazırda Azərbaycan ÜTT-yə üzv olması prosesi kontekstində kənd təsərrüfatına daxili dəstək üzrə bir sıra vasitəçi ölkələrlə (aparıcı kənd təsərrüfatı istehsalıçıları və yaxud ixracatçıları) çoxtərəfli danışıqlar aparır. Bu müstəvidə, ÜTT-yə üzvlük müddətindən etibarən kənd təsərrüfatına 1 milyard ABŞ dolları, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları qaytarıldıqdan sonra müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə 1 milyard ABŞ dolları məbləğində əlavə daxili dəstəyin göstərilməsi mümkünlüyünə nail olunması aparılan danışıqların predmetini təşkil edir. Kənd təsərrüfatı sektoruna subsidiyaların ödənilməsi məqsədilə ÜTT tərəfindən bu təşkilatın üzvlərinə yaxud müşahidəçilərə maliyyə vəsaiti ayrılmır.

Kənd təsərrüfatı üzrə aparılan danışıqların uğurla nəticələnəcəyi təqdirdə, məhz Azərbaycan hökuməti tərəfindən adıçəkilən sahənin dəstəklənməsinə məcmu olaraq 2 milyard ABŞ dolları məbləğində daxili yardımın göstərilməsi imkanı əldə olunacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə