Pəlikəş sakinləri ilə görüş

Pəlikəş sakinləri ilə görüş

Ucqar dağlıq ərazidə yerləşən Pəlikəş kəndində Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin vətəndaşlarla keçirdiyi görüşdə sakinlər son bir il ərzində görülən geniş abadlıq və quruculuq işləri barədə razılıqla söhbət açıblar. SİA-nın məlumatına görə, mürəkkəb relyefə malik ərazidə yerləşdiyinə görə Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər uzun illər diqqətdən kənarda qalıb. Normal yol olmadığına görə 12 min nəfərdən çox əhalisi olan dağ kəndlərinin sakinləri ciddi problemlərlə üzləşirdilər. Onların ən böyük arzusu rahat avtomobil yolunun çəkilişi, əhali üçün vacib olan təhsil və səhiyyə obyektlərinin inşası idi.

Əvvəlki səyyar qəbul və görüşlərdə kənd sakinləri rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə bu problemlərin həllinə köməklik göstərilməsi barədə müraciət etmişdilər. Həmin görüşlərdən o qədər də çox vaxt keçməyib. Bu müddət ərzində dağ kəndləri sakinlərinin illərdən bəri həsrətində olduqları arzuların yerinə yetirilməsi istiqamətində konkret və əməli tədbirlər həyata keçirilib. Hamını sevindirən əsas məsələ keçilməz qayalıqlarla əhatə olunmuş ərazilərdə normal gediş-gəliş üçün rahat avtomobil yolunun çəkilişi oldu. İndi rayon mərkəzindən Pəlikəş və Sım kəndlərinə qədər çəkilən asfalt yol bura gələnlərin hamısını heyran edir. Təbiətin bəxş etdiyi əsrarəngiz gözəlliklərin, qədim tariximizin zənginliyini nümayiş etdirən abidələrin, sərin bulaqların, şəlalələrin şahidi olmaq üçün bu kəndlərə gələnlərin sayı günbəgün artır. Yeni salınmış asfalt yolla gələnlər bu rahatlığı yaradanlara dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Yol mədəniyyətdir, yol rahatlıqdır. Normal gediş-gəliş olandan sonra digər infrastruktur layihələrin yerinə yetirilməsinə zəmin yaranır. Pəlikəş və Sım kəndlərində tam orta məktəblər üçün yeni binaların tikilib istifadəyə verilməsi dediklərimizə parlaq nümunədir. Hazırda Pəlikəş kənd sahə xəstəxanası üçün 15 çarpayılıq yeni binanın tikintisi sürətlə davam etdirilir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə keçirilən görüşdə Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Balakişi Rəhmanov əvvəlki səyyar qəbul və görüşdən sonra ərazidə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verdi. Kənd sakinlərindən Zahirəddin Məmmədov, Əsəd Eynəliyev, Mais Məmmədov, Elşad Baxşıyev, Elman Sovqatov çıxış edərək son illərdə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişafla əlaqədar yüksək nailiyyətlərin qazanıldığını, illərdən bəri diqqətdən kənarda qalan ucqar dağ kəndlərinin sakinlərinə hədsiz qayğı göstərildiyini, yaşayış məntəqələrində müasir infrastruktur layihələrinin uğurla icra edildiyini diqqətə çatdıraraq, bu qayğı və diqqətə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Kənd sakinləri sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edəcəklərini, dövlətçiliyimizin qorunmasında sədaqətli olduqlarını əməli işləri ilə nümayiş etdirəcəklərini diqqətə çatdırmışlar. Çıxış edənlər son illər ərzində ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü qeyd etməklə yanaşı, elektrik təsərrüfatının yenidən qurulması, Şümrüd kəndinə gedən yolun qaydaya salınması, yeni tikilən xəstəxana üçün istilik sisteminin quraşdırılması barədə təkliflər veriblər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüşü yekunlaşdıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin nüfuzu beynəlxalq miqyasda gündən-günə artır, respublikamızın bütün bölgələrində geniş abadlıq və quruculuq işləri sürətlə aparılır. Biz bunu doğma rayonumuzun timsalında açıq-aşkar görə bilərik. Təkcə rayonun ucqar dağlıq ərazilərində yeni yolların çəkilməsini, səhiyyə və təhsil müəssisələrinin tikilib istifadəyə verilməsini göstərən faktları saysaq kifayət edər.

Ayrı-ayrı iş adamları və sahibkarlar bu imkanlardan səmərəli istifadə etməlidirlər. Bu ərazidə turistlərin və qonaqların dincəlməsi üçün yeni istirahət məkanları və mərkəzləri yaratmaq vacibdir. Dağ kəndlərində kənd təsərrüfatı bitkilərinin əkilməsinə daha çox diqqət yetirilməlidir. Xüsusən məhsuldar toxumlardan istifadə etməklə kartof istehsalını artırmaq üçün dağ kəndlərində geniş imkanlar vardır.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd sahə xəstəxanası üçün tikilən yeni binada, sel sularından ziyan çəkən Sım kənd körpüsündə bərkidilmə işlərinin vəziyyəti ilə maraqlanmış, konkret tapşırıq və tövsiyələrini verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə