Xətaidə bina yanğını necə baş verib?

Şahidlər səbəblər barədə danışır
Xətaidə bina yanğını necə baş verib?

Bu gün Bakı ağır cinayətlərə dair məhkəmədə ötən il Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmə iclası keçirilib. SİA xəbər verir ki, öncə hakim məhkəmə iclasında 9 nəfər zərərçəkmişin iştirak etdiyini bildirib. Zərərşəkmişlər hüquqları barədə məlumatlandırılıblar. Sonra məhkəmə iclasında zərərçəkmiş vətəndaşların çıxışları dinlənilib.

Zərərçəkmiş Zərifə Ağamalıyeva çıxış edərək təqsirləndirilən şəxsləri tanımadığını bildirib və yanğın barədə deyib ki, hadisə baş verən an onun mənzili yanmaqla yanaşı, evində olan məişət və s. əşyaları da istifadə olunmaz hala düşüb və nəticədə xeyli maddi ziyan dəyib. Zərərçəkmiş sonradan mənzilinin təmir olundunu və kompensasiya ödənildiyini bildirib.

Zərərçəkmiş Yeganə Səmədova da bildirib ki, bunanın yanmasını evdə ikən öyrəniblər: "Mənzil tam yansa da sonradan təmin olundu. Kompensasiyamızı da ödədilər. Heç bir şikayətim yoxdur".

Zərərçəkmiş Əminə Ənsərova da təqsirləndirilən şəxsləri tanımadığını deyərək, bildirib ki, əsas günahkarlar yanar materialları istehsal edərək, onu dövlətə satanlardır: "Tərkibi sıxılmış qaz olan bu materialların istehsalçıları əsas günahkarlardırlar. Məhz onların cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Yanğın zamanı güclü külək əsirdi. Deyə bilmərəm yanğın hansı səbəbdən baş verib. Ancaq məsuliyyətsizlik də olub. Şükür Allaha ki, yanğın nəticəsində ölüm hadisəsi olmayıb. Dövlətimiz və hökumətimiz sağ olsun ki, mənzillərimizi təmir etdi, kompensasiyalarımız da ödəndi. Biz bilirik ki, dövlət başçımız bu məsələni şəxsi nəzarətində saxlayır".

Zərərçəkmişlər Əhməd Sarıyev və Yaşar Mehrəliyev isə bildirdilər ki, heç bir şikayətləri yoxdur və təqdirləndirilən şəxsləri tanımırlar.

Şahhüseyn Kazımov adlı zərərçəkmiş isə çıxışında bildirdi ki, təqsirləndirilən şəxsləri tanımır. Onun dediyinə görə, yanğından sonra mənzili təmir olunub və təzminat da ödənilib. O, özünün də ali təhsilli inşaatçı olduğunu və binanın üz örtüyünün quraşdırılması zamanı materiallardan düzgün istifadə olunmadığını, texniki-təhlükəsizlik qaydalarına riayət olunmadığını deyib: "Qonşular da təsdiq edə bilər ki, təmir zamanı binanın sol küncündə üzlük materiallardan qalan artıq hissələr üst-üstə yığılmışdı. Onun altından isə açıq projektor xətti keçirdi. Ehtimal ediəm ki, həmin xətt açıq olub və yanğına səbəb olub. Çünki həmin gün güclü külək də əsirdi".

Zərərçəkmiş Zöhrab Muxtarlı məhkəmə iclasında iştirak etmədiyindən onu nümayəndəsi qismində bacısı Sitarə Muxtarlı əvəz edib. O, qeyd edib ki, yanğın zamanı hər kəs evdə olub və binanın üz örtüyü anidən alışıb: "10-15 dəqiqəyə binanın bir hissəsinin üz ötrükləri tamamilə yanmağa başlayıb. Yanğından sonra mənzil təmir edilib və kompensasiya da ödənilib. Heç bir şikayətim yoxdur".

Zərərçəkmiş Vahabova Xədicə isə hakimə bildirib ki, ona vurulan maddi ziyan tam ödənilməyib: "Mənim mənzilim binanın künc hissəsində olduğuna görə yalnız mətbəxim yanıb". O, həmçinin qeyd edib ki, mənzil onun adına olsa da həmin mənzildə yaşamır.

Zərərçəkmişlər Hümmətov Ziyad, Qasımov Məhəbbət, eləcə də Səfərova Nəzakətin nümayəndəsi qismində məhkəmə iclasına qatılmış anası Abbasova Aidə də təqsirləndirilən şəxslərlə heç bir tanışlıqları olmadığını deyərək, mənzillərinin dövlət hesabına təmir olunduğunu, təzminatların isə ödənildiyini bildiriblər. Onlar heç bir şikayətlərinin olmadığını vurğulayıblar.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Hakim Eldar İsmayılov zərərçəkmişlərin ifadələrini dinlədikdən sonra növbəti məhkəmə iclasının vaxtını müəyyən edib. Növbəti iclas sentyabrın 6 səhər saat 10:30-a təyin edilib.

RÖVŞƏN NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə