Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsini başa çatdırıb. "Səs" qəzetinin redaksiyasında layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. HDİM sədri, layihənin rəhbəri İham Əliyev problemin aktuallığından danışıb.
Qeyd edib ki, bu gün dünyada tarixən formalaşmış ailə modeli, mental dəyərlər öz mövcudluğunu itirməkdədir: "Hazırda dünyada ailələrin 52 faizində valideynlər və yaşlı nəslin nümayəndələrinin əksəriyyəti xalqın adət- ənənəsinə əməl etmir. Bu ənənələrin nəzərə alınmadığı ailələrin sayı 47 faizdir. Bunun təsiridir ki, artıq məktəblilərin 50 faizdən çoxu adət-ənənəyə sadiqliyi vacib saymır. Ailələrdə boşanmaların sayı da kifayət qədər böyük rəqəmlə ölçülür. Bununla bərabər ailələrdə məişət zorakılığı hallarının mövcudluğu da dünyada ən ağrılı problemlərdən sayılır. Təbii ki, ailədaxili münaqişələr uşaq psixologiyasına da təsirsiz ötüşmür. Əksər hallarda münaqişəli ailələrdə böyüyən uşaqların gələcəkdə çox saylı problemləri ortaya çıxır. Gözünü açdıqda ailədə dəhşət, münaqişə, mübahisə görən azyaşlı müəyyən müddət keçdikdən sonra aqressivləşir, hər kəsə, hər şeyə daha sərt reaksiya göstərməyə başlayır". Layihə çərçivəsində Bakı, Xaçmaz, Şirvan, Yevlax şəhərlərində ziyalıların, məktəblilərin və media nümayəndələrinin iştirakı ilə dəyirmi masaların keçirildiyini diqqətə çatdıran İ. Əliyev bildirib ki, əsas diqqət əhalinin maairfləndirlməsinə yönəldilib: "İctimai müzakirələrdə təmasda olduğumuz insan qruplarına ailədaxili problemləri, erkən nikahları yaradan və ailələri dağıdan digər səbəblərlə bağlı geniş məlumatlar verildi. Onlara erkən bu problemlə mübarizədə ictimaiyyətin media və qeyri-hökumət təşkilatları, hüquq mühafizə orqanları ilə birgə əməkdaşlığının vacibliyi fikri aşılandı. Layihənin icrası müddətində KİV-də dərc olunmuş materiallar diqqəti bu mövzuya çəkdi, geniş ictimaiyyət ailədaxili konfliktləri yaradan səbəblər və çıxış yolları ilə bağlı məlumat əldə etdilər". HDİM sədri deyib ki, layihə çərçivəsində qarşıya qoyulan işlər davam etdirilməlidir: "Sağlam ailə modelini qorumaq, erkən nikahlardan qaçmaq, ailədaxili münaqişələrin qarşısını almaq üçün yerlərdə nüfuzlu ziyalıların, ağsaqqalların, din xadimlərinin, ictimai rəy liderlərinin iştirakı ilə tədbirlər keçirilməli, problemi aradan qaldırmaq üçün hər bir sosial qrupla ciddi iş aparılmalıdır. Erkən nikahlara, qadınlara zorakılığa qarşı mübarizə aparmaq üçün QHT, KİV və məktəblərin əməkdaşlığına ehtiyac var. Xüsusilə mətbuat, televiziya bu mövzuda vaxtaşırı disputlar, müzakirələr keçirməli, təbliğat xarakterli sosial çarxlar hazırlamalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB