Daşkəsən rayonunda təbii fəlakət baş verib

Daşkəsən rayonunda təbii fəlakət baş verib

Daşkəsən rayonu ərazisində 26 avqust 2016-cı il tarixdə saat 20-00 radələrində baş vermiş təbii fəlakət, yağış ilə müşaiyət olunan güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin 10-dan artıq yaşayış və sosial-inzibati binalarının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatlarına ziyan dəyib.

Daşkəsən şəhər S.Vurğun küçəsi 15, Ş.İ.Xətai küçəsi 3 nömrəli yaşayış binalarının dam örtüyünə olduqca ciddi ziyan dəyib, güclü külək həmin binaların dam örtüyünü tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binanın üstündən atıb.

Təbii fəlakət zamanı xəsarət alan olmayıb.

Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Aidiyyəti üzrə müvafiq qurumlara müraciətlər olunub, daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olub, zərər çəkmiş sakinlərlə görüşüb. Sakinlərlə görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı problemlərlə yerindəcə tanış olaraq deyib:

- Son bir neçə illər ərzində rayon ərazisində belə güclü külək müşahidə olunmayıb. Rayon Hidrometeorologiya stansiyasının verdiyi məlumata görə küləyin sürəti saniyədə 33-37 m təşkil etmişdir. Ötən gecə 20-00 radələrində yağış ilə müşaiyət olunan güclü külək əsməsi rayon mərkəzində, o cümlədən rayonun Xoşbulaq, Əhmədli, Mollahəsənli kəndlərində, Yuxarı Daşkəsən qəsəbəsində və digər yaşayış məntəqələrində çoxsaylı yaşayış və sosial-inzibati binalara və xüsusilə rayonun elektrik təsərrüfatına güclü ziyan vurmuşdur.

Səhər 05-00 radələrinədək rayon mərkəzində elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Hazırda digər yaşayış məntəqələrində təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır.

Hələlik bütün bunlar rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyi ilə yerli Fövqəladə Hallar Komissiyasının əməkdaşları dəymiş ziyanın həcmini müəyyənləşdirir, dəyən bu ciddi ziyan qısa müddətdə aradan qaldırılacaqdır.

Birmənalı olaraq qətiyyətlə deyə bilərəm ki, həmişə belə çətin vəziyyətlərdə olduğu kimi, bu dəfə də respublikamızın aidiyyəti üzrə qurumları, o cümlədən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev öz lazımi köməkliklərini göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə