"Düşünmürəm ki, Azərbaycanda ehtiyacı olan ailələrə verilən ünvanlı sosial yardımlar dayandırılacaq. Nə qədər ki, sosial müdafiəyə ehtiyacı olan insanlar var, o qədər də dövlətin sosial yardım proqramları davam edəcək". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.
O bildirib ki, yardım proqramlarının formaları dəyişə bilər: "Bu da tamamilə təbiidir. Dövrə, ehtiyaclara uyğun olaraq sosial yardım proqramları dəyişə bilər. Biz 2007-ci ildən ünvanlı sosial yardımı tətbiq etməyə başladıq. Həmin dövrə qədər bu proqram yox idi. Lakin sosial yardım sistemi mövcud idi. Uşaq pulları, əlillər, işçilər üçün müəyyən müavinətlər verilirdi. Ünvanlı sosial yardım adətən keçid bir yardım proqramıdır. Keçid dövründən sonra isə onun yeni bir formaları ortaya çıxa bilər. Məsələn, ailələrin sosial reablitasiyası proqramı ola bilər. Bir ailəyə yaşadığı yerdə uyğun iş yerləri yaratmaq üçün maliyyə vəsaiti verilər, yaxud da iş yeri yaradılar və bununla da həmin ailənin təminatı həyata keçirilə bilər. Yaxud kənd yerində yaşayan ailənin öz təminatı üçün ona kənd təsərrüfatı heyvanlarının alınıb verilməsi və ya torpaq sahəsinin əkilməsi üçün müəyyən texnikanın alınması, toxumun verilməsi mümkündür".
Millət vəkili hesab edir nki, insanlar dövlətdən nağd şəkildə yardım aldıqca ələbaxım olmağı öyrənirlər və öz iş, peşə vərdişlərini itirirlər. Bir növ dövlətin yardımından asılı vəziyyətdə qalırlar: "Ona görə də bu yardım proqramlarının formasının dəyişməsini tamamilə normal hesab edirəm. Amma bütövlükdə "yardım proqramı olmayacaq" kimi fikrilərlə razı deyiləm, bu, mümkün deyil. Azərbaycan sosial bir dövlətdir. Yardımların dayandırılması o anlama gəlməməldir ki, ümmumiyyətlə, sosial müdafiəyə ehtiyacı olan insanlar yardımsız və dövlətin dəstəyi olmadan qalacaqlar. Sadəcə, formasının dəyişməsindən söhbət gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB