“Mehriban” Azərbaycan qadınları cəmiyyəti fəaliyyətə başlayıb

“Mehriban” Azərbaycan qadınları cəmiyyəti fəaliyyətə başlayıb

Rusiyanın Nijni Novqorod şəhərində "Mehriban" Azərbaycan qadınları cəmiyyəti təsis edilib. SİA-nın məlumatına görə, təsis yığıncağında yeni cəmiyyətin Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Nijni Novqorod regional bölməsinin nəzdində Qadınlar Şurası qismində fəaliyyət göstərəcəyi elan edilib. ÜAK regional bölməsi rəhbərliyinin də iştirakı ilə keçən qadınların yığıncağında yerli Azərbaycan icması qadın fəallarının səylərinin mütəşəkkil qaydada bir cəmiyyətdə birləşdirilməsi zərurəti vurğulanıb.

Toplantını açan ÜAK Nijni Novqorod regional bölməsinin sədri Azad Səmədov qeyd edib ki, ÜAK-ın daha da sistemli və fəal işi üçün Qadınlar Şurasın da ehtiyacı var. "Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günündə "Mehriban" cəmiyyətinin açılması icmamızın həyatında simvolik və əlamətdar hadisədir", - deyə A.Səmədov bildirib.

ÜAK Nijni Novqorod regional bölməsinin icraçı direktoru Roman Ağayev qeyd edib ki, yeni yaranmış "Mehriban" cəmiyyətinin adı rus dilinə tərcümədə "dost, xoş münasibət bəsləyən, səmimi, isti, şəfqətli, geniş qəlbli" mənalarını verir:

"Məhz bu söz və onun mənaları Azərbaycan və Rusiya arasındakı, xalqlarımız arasındakı çoxəsrli dost əlaqələrin durumu və ruhunu olduqca gözəl şəkildə və dəqiq səciyyələndirir. Elm, mədəniyyət, sağlamlıq, təhsil və humanitar sahədə digər əhəmiyyətli layıhələrin həyata keçirilməsi işində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva özünün çoxşahəli fəaliyyəti, qabaqçıl təşəbbüsləri, şəxsi xidmətləri və fəal səyləri ilə həm ölkə əhalisinin sosial rifanının, həm də Azərbaycanın beynəlxalq arenada imicinin möhkəmləndirilməsinə nəhəng tövhə verir. Sevindiricidir ki, bu müstəvidə Azərbaycanla Rusiya arasında mövcud olan sıx əməkdaşlıq xüsusi yer tutur".

"Mehriban" Azərbaycan qadınları cəmiyyətinin sədri seçilmiş Məhəbbət Məmmədova qeyd edib ki, Nijni Novqoroddakı Azərbaycan qadınlarının cəmiyyəti üçün "Mehriban" adını daşımaq və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günündə fəaliyyətə başlamaq həm olduqca böyük şərəf, həm də böyük məsuliyyətdir. Onun sözlərinə görə, ayrı-ayrılıqda fəal qadınlarımız icmamızın işində iştirak edib və etməkdə davam edir, lakin Azərbaycan xalqının zəngin milli-mədəni irsinin təblığı və Rusiya ilə Azərbaycanın dostluq münasibətlərinin daha da möhkəmlənməsi naminə vahid bir cəmiyyətdə birləşib quruculuq fəaliyyəti davam etdirmək vaxtı artıq çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə