ADU-da “Böyük İpək yolu Çinin musiqi mədəniyyəti tarixində” mövzusunda seminar keçirildi
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə "Böyük İpək yolu Çinin musiqi mədəniyyəti tarixində" mövzusunda seminar keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, seminarı açıq elan edən ADU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov musiqi incəsənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı, tanınmış Azərbaycan müğənniləri və musiqiçilərinin Çinə qastrol səfərləri haqqında danışaraq, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı imzalanmış, Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini xüsusi olaraq vurğuladı.
Tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova türk Asiyasının ənənəvi musiqi incəsənətinin İpək yolu üzərindəki ərazidə mədəni əlaqələrin genişlənməsində rolundan danışdı. O, həmçinin təsviri incəsənət və ədəbiyyatda xalq musiqi alətlərinin yeri və rəhbərlik etdiyi muzeydəki Çin ənənəvi musiqi alətləri kolleksiyasının xüsusiyyətləri barədə məlumat verdi.
Seminarda çıxış edən edən ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çinin unikal ənənəvi musiqi növləri, janr və üslubları, Böyük İpək yolu sayəsində yaranmış, Qərbi və Mərkəzi Asiya musiqisi və musiqi alətlərinin Çinə daxil olmasına səbəb olmuş beynəlxalq musiqi əlaqələri barədə danışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB