Ləkdə qaz sevinci

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, Bərdə rayonunun Lək kəndinə ilk dəfə təbii qaz verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 485 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qeyd olunub ki, hazırda rayonun Hacallı, Lənbəran, Otuzikilər, Mollalı və Mustafaağalı kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə