Ukrayna Azərbaycanlılarından Referenduma dəstək

Ukrayna Azərbaycanlılarından Referenduma dəstək

Məlum olduğu kimi yaxın zamanda Respublikamızda referendum keçiriləcək. Bu gün buna etiraz edənlərdə var, referendumun labüd olduğunu deyərək dəstəkləyənlərdə. Ümumilikdə isə istər Azərbaycanda istər də, Respublikamızın hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın çox hissəsi referendumu dəstəkləyir. Buna misal olaraq Ukraynada görüşüb söhbətləşdiyimiz həmyerlilərimizin fikirlərini misal göstərə bilərik. Görüşlərimizdə səslənən fikirlərdən belə aydın oldu ki, Ukraynada yaşayan azərbaycanlıların çoxu referendumun keçirilməsini səbirsizliklə gözləyirlər.

Belə həmyerlilərimizdən biri də Kiyev vilayətinin Vasilkov rayonunda yaşayan, iş adamı Sakit Zabit oğlu Bilalovdur. Sakit Bilalov Göyçayın Bığır kəndində anadan olduğunu və artıq yeddi ilə yaxındır ki, Vasilkov şəhərində iş adamı kimi fəaliyyət göstərdiyini deyib: "Bilirsinizmi mən siyasətçi deyiləm amma bir iş adamı kimi dünyada gedən proseslərə yaxından fikir verir, mətbuat vasitəsi ilə bir çox sahələrdən məlumatlanıram. Elə şeylər var ki, onlar labüddür və qaçılmazdır. Referendum da məhz xalqımız üçün qaçınılmazdır. Bu gün bütün dünyada müxtəlif oyunlar gedir və sonunda da sadə xalq əziyyət çəkir. Baxmayaraq ki, Azərbaycan zorla müharibəyə sürüklənərək 20% torpaqlarını itirib, hər an müharibə edə bilər, amma yenə də sabitliyini qoruyub saxlaya bilib. Ümumiyyətlə isə hər bir xalq referendum yolu ilə öz qanunvericiliyinə, Konstitusiyasına əlavə və dəyişikliklər edə bilər. Referendumun əsas mahiyyəti də elə bundan ibarətdir. Dünya ölkələrində konstitusiyalar qəbul olunduqdan sonra onlara kifayət qədər əlavə və dəyişikliklər edilib. Bu adətən zamanın tələbindən irəli gəlir. Bildiyimə görə hətta ABŞ-ın Konstitusiyası da qəbul edildikdən sonra ona əlavə və düzəliş edilib. Bu günə kimi həmin sənədə 26-dan çox əlavə və dəyişikliklər olunub. Bundan başqa, Fransa, İtaliya, eləcə də Türkiyədə bir neçə il bundan əvvəl referendum keçirilərək konstitusiyalarında əlavə və dəyişikliklər ediblər. Məlum olduğu kimi ölkəmiz bir çox beynəlxalq konvensiyalara qoşulub və xalqın seçdiyi deputatlar parlamentdə mütəmadi olaraq həmin konvensiyaları ratifikasiya edirlər.

Baxmayaraq ki, mən Ukraynada yaşayıram, həmişə ölkəmizin inkişafını burada təbliğ edirəm. Azərbaycan sürətlə inkişaf edir və inkişaf baxımından dünyada öncül sıradadır, bunu heç kim dana bilməz. Bu gün Azərbaycanda aparılan abadlıq, tikinti-quruculuq işləri təqdirəlayiqdir. Mən deyərdim Azərbaycanda son illər aparılan islahatlar, görülən abadlıq işləri dünyanın heç yerində aparılmır. Ümumiyyətlə isə yaradılan, tikilən hər bir şey vətəndaşlarımız üçündür. Bildiyim qədəri ilə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə yaş senzi 18 yaşa endirilir. Mən də bir Azərbaycan vətəndaşı kimi bunun tərəfdarıyam. Bilirsinizmi, mənim də oğlum böyüyür Samir Bilalov. Mən də istəyərdim ki, o gənc yaşlarında seçilə bilsin. Əgər insan 18 yaşında seçmək hüququna malikdirsə, həmin yaşda hərbi xidmətə gedə bilirsə və digər hüquqlara sahib olursa, seçilmək hüququna niyə malık olmamalıdır? Elə gənclərimiz var ki, sözün əsl mənasında məhz 18 yaşında seçilməyə layiqdirlər. Onsuzda xalq seçkilərdə yaş məsələsindən asılı olmayaraq istədiyi şəxsi seçir.

Sonda istəyirəm onu da deyim ki, mənim kimi bu şəhərdə yüzlərlə azərbaycanlı ailəsi yaşayır və bizlərin də hər biri Azərbaycan dövlətçiliyini dəstəkləyir, Dövlət başçımızın ətrafında sıx birləşiblər.

Əlmaniz Ələkbərli

Bütün xəbərlər Facebook səhifəmizdə