Valideynlərin övladlarını erkən nikaha təhrik etməsinin SƏBƏBLƏRİ

Valideynlərin övladlarını erkən nikaha təhrik etməsinin SƏBƏBLƏRİ

Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir və nikah yalnız hər iki tərəfin azad, tam razılığı əsasında baş verə bilər. Azərbaycanda son illərin statistikası erkən nikahların sayının xeyli sayda artığını göstərir. Dünya ölkələrindən fərqli olaraq ölkəmizdə nədənsə erkən nikahların qurulmasına daha çox valideynlər səbəb olur. Bəs valideynləri bu addımı atmağa vadar edən səbəb nədir?

"Erkən nikaha daha çox bölgələrimizdə rast gəlinir"

Psixoloq Təhminə Çələbi bildirib ki, valideynlərin təkidi ilə yeniyetmələrin ailə qurması məsələsi daha çox Azərbaycanın bölgələrinə xas olan xüsusiyyətdir: "Elə regionlarımız var ki, onların öz dəyərləri var və erkən nikah onlar da düzgün hesab olunur. Bundan əlavə, insanlarda qorxu hissi də mövcuddur. Çoxları düşünür ki, cəmiyyət dəyişib, əgər qızımı vaxtında ailə qurmağa təkid etməsəm gələcəkdə başıma xoşagəlməz hadisələr gələ bilər. Təəssüf ki, ətrafda baş verənlərdən, müəyyən xəbərlərdən özlərinə göstərici götürüb övladının tez ailə qurmağa təkid edənlər də var".

Psixoloqun sözlərinə görə, cəmiyyətimizdə itirmə, ölüm qorxusu da çox yüksəkdir: "Bəzən valideynlər də "birdən dünyadan tez köçərəm övladımın toyunu görmərəm" kimi inanclara rast gəlinir. Amma daha çox cəmiyyətin inkişafından qorxan valideynlər qız uşağını qorumaq məqsədilə onların erkən yaşda ailə qurmasına səbəb olur. Bu cür hallara paytaxtımızdan başqa bütün bölgələrdə rast gəlmək mümkündür".

"Paytaxtımızda xanımların evlilik yaşı xeyli sayda yüksəlib"

T. Çələbi qeyd edib k, paytaxtımızda xanımların evlilik yaşı xeyli sayda yüksəlib: "Bəzən bizə 25 yaşında xanımlar müraciət edir ki, onlar heç də ailə qurmağa tələsmir və əksinə xaricdə təhsil almaq, karyera qurmaq haqqında düşünür. Bu cür hallar evlilik yaşının yüksəlməsinə səbəb olsa da, bundan qorxmaq lazım deyil. Əksinə, insan sevgi ilə yanaşı məntiqi düşüncə ilə də ailə qurmalıdır. Məntiqlə qurulan ailələr daha uzunömürlü olur. Evlilik elə prosesdir ki, valideynlər bunu tam şəkildə öhdəsinə götürə bilməz. Bunun məsuliyyəti çox ağırdır və gələcəkdə valideynlər də əziyyət çəkməli olurlar. Çox təəssüf ki, Azərbaycanda övladını tez ailə qurmağa məcbur edən valideynlərin psixoloqa inamı olmur. Onlar daha çox öz inanclarına uyğun addım atmağa üstünlük verirlər".

"25 yaşından sonra evlilik daha düzgün sayılır"

"Ümumiyyətlə, hər kəsin sevgisinə uyğun biri ilə ailə qurması daha məqsədəuyğundur. Əlbəttə burada yaş faktoru yoxdur. Elə insan var ki 30 yaşında, eləsi də var ki, 20 yaşında eyni fikrə gələ bilər. Bu, fərdi xüsusiyyətdir. Biz erkən nikahın dəhşətli olduğunu da deyə bilmərik. Bəzən bizə dağılmaq üzrə olan ailələr müraciət edir ki, onlar arasında erkən nikahlara da rast gəlinir. Belə ailələrin dağılmasına yaş deyil, başqa problemlər səbəb olur. Əgər erkən nikahlarda zorakılıq, məcburiyyət yoxdursa o zaman burada yaş faktoru önəmli rol daşımır. Lakin evliliyin yaşı fərdi xüsusiyyət olmaqla yanaşı 25-dən sonra daha məntiqli və daha düzgün sayılır".

Bütün xəbərlər Facebook səhifəmizdə