Kijəbə qəsəbə ərazi icra nümayəndəliyinə daxil olan Burzubənd kəndində son bir il ərzində abadlıq və quruculuq işlərinə geniş yer verilib. SİA-nın məlumatına görə, kənd sakinlərinin illərdən bəri arzuladığı yol asfaltlaşdırılmış, gediş-gəliş üçün normal hala gətirilib. Əhalinin təbii qaza olan ehtiyacının ödənilməsi üçün əməli tədbirlər görülüb.
Avqustun 19-da Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Burzubənd kəndində əhali ilə keçirdiyi görüş zamanı sakinlər əvvəlki görüşlər zamanı qaldırılan məsələlərin həlli ilə əlaqədar görülən işlərə görə minnətdarlıqlarını bildirib, xüsusən, uzun illər əziyyət çəkdikləri yolun asfaltlaşdırılmasını yüksək qiymətləndiriblər.
Kənd sakinlərindən Seyidağa Məlikov, Fikrət Talıbov, Hesab Fərziyev, Əbülfət Talıbov, Turan Rəfiyev, Mühiddin Talıbov və başqaları çıxış edərək kənddə yeni məktəb tikintisi, su xəttinin çəkilişi, elektrik xətlərinin və dirəklərinin əsaslı təmiri və dəyişdirilməsi barədə təkliflər veriblər.
Çıxış edənlər son illərdə respublikamızda və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən razılıqla söhbət açmış, göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. Kənd sakini Fikrət Talıbov öz çıxışında son illər rayonda, xüsusən, ucqar dağ kəndlərində genişmiqyaslı abadlıq və quruculuq işlərinin sürətlə və keyfiyyətlə aparıldığını, müstəsna əhəmiyyətə malik dağ yollarının yenidən qurularaq asfaltlaşdırılmasını, rayon mərkəzində respublikada böyük əks-səda doğuran yaraşıqlı dənizkənarı park-bulvarın əhalinin istifadəsinə verilməsini hədsiz sevinc və ruh yüksəkliyi ilə görüş iştirakçılarının diqqətinə çatdırıb.
Astara Elektrik şəbəkəsinin rəisi Alim Qənbərli çıxış edərək Burzubənd kəndində və ətraf kəndlərdə elektrik xətt təsərrüfatının istifadəyə yararsız olması, bu istiqamətdə əsaslı yenidənqurma və təmir işlərinin nəzərdə tutulması, burada konkret ərazilərdə elektrik dirəklərinin qısa müddətdə dəyişdiriləcəyi barədə məlumat verib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüşü yekunlaşdıraraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın bütün yaşayış məntəqələrində sosia-iqtisadi inkişaf sahəsində misilsiz nailiyyətlər qazanılır. Azərbaycanın beynəlxalq nüfuzu ilbəil artır. Dünyanın ən böyük dövlətlərinin rəhbərləri ölkə başçımızın beynəlxalq məsələlərdə mövqeyini yüksək qiymətləndirir, Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını açıq-aşkar ifadə edirlər. Rusiya-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Rusiya formatında keçirilən görüşlər bunu bir daha sübut edir. Son illər rayonumuzda da sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar fərəh doğurur. Xüsusən, kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirilməsi, torpaq sahələrindən səmərəli istifadə edilməsi sahəsində qazanılan uğurlar sevindiricidir. Təkcə bir il ərzində rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 600 ha artıb. Rayonda çayçılığın və çəltikçiliyin inkişafı diqqət mərkəzindədir. Qarşıdakı illərdə 1000 ha çay və 1000 ha çəltik sahələrinin salınması nəzərdə tutulub. Biz hamımız çalışmalıyıq ki rayonda bir qarış belə əkinə yararlı torpaq sahəsi istifadəsiz qalmasın.
İcra başçısı yeni məktəb binasının tikintisi ilə əlaqədar sənədlərin hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyini və Dövlət Proqramına salındığını, kənd icma qrupu tərəfindən Sım kəndindən Burzubənd kəndinə su çəkilişi barədə layihənin icrasına hər cür qayğı və diqqət göstəriləcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb, sakinlərin qaldırdıqları məsələlərin icrası ilə əlaqədar aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
S.Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB