Rufiz Qonaqov: "Dövlət Departamentinin bəyanatı qeyri-ciddidir"

Rufiz Qonaqov: "Dövlət Departamentinin bəyanatı qeyri-ciddidir"

"ABŞ Dövlət Departamentinin vergidən yayındığına görə həbs edilən Natiq Cəfərliyə görə tənqid etməsi nəinki ikili standart, hətta qeyri-ciddi bəyanatdır". Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin direktoru Rufiz Qonaqov ABŞ Dövlət Departamentinin yaydığı bəyanatla bağlı münasibət bildirərkən deyib.

R.Qonaqov qeyd edib ki, ABŞ rəsmisinin "məlumatsızlığı" həm də təəccüb doğurur: "Dövlət Departamenti, bu ölkənin ayrı-ayrı təşkilatları Azərbaycanda bu və ya digər qanun pozuntularına görə həbs olunmuş bəzi şəxslər haqqında öz maraqlarına uyğun "müfəssəl məlumatlılıq" nümayiş etdirir, ardı-arası kəsilməyən bəyanatlar verir, onların işini siyasiləşdirir. Çünki həmin təşkilatlar konkret təlimatlar əsasında Azərbaycanı hədəfə götürür, müxtəlif tədbirlər təşkil edir və bəyanatlar verirlər. Amma iş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğalı faktı, ölkəmizin milli maraqlarına gəldikdə, onlar ya susurlar, ya suallardan yayınırlar. Hesab edirəm ki, belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirmir".

BMAM sədri, həmçinin Dövlət Departamentinin bəyanatını öz təmsilçilərinə mənəvi dəstək hesab edərək, belə bir anormal addımlarla nəyəsə nail ola bilməyəcəklərini qeyd edib: "Vergi yayınmalarına görə istintaq orqanları Natiq Cəfərli barəsində araşdırmalar aparır. İstintaq başa çatmadan bəyanatla çıxış etmək beynəlxalq hüquq normalarına ziddir. Hər il ABŞ-da yüzlərlə insan polisin və digər dövlət qurumlarının zorakılığının qurbanı olur. Bu cür biabırçı halların aradan qaldırılması üçün ABŞ tədbirlər görmək əvəzinə başqa dövlətlərdə problem axtarır. Bu bir növ "öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır" kimidir".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə