Çox sevindirici haldır ki, ölkə başçısı İlham Əliyev Azərbaycanın bütün bölgələri ilə yanaşı dağ rayonlarına da çox ciddi fikir verir. Çünki Sovetlər İttifaqı dağılandan sonra işsizlik çox olduğuna görə dağ rayonlarında insanlar məcbur olub Bakıya, Sumqayıta, Rusiyaya və aran rayonlarına daha çox köçməyə başladılar. Beləliklə, dağ rayonlarımız boşaldı. Yurdlar, doğma ocaqlar boş qaldı. Amma 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin sayəsində dağ rayonlarımızda əhali çox yaxşı yaşayırdı. Kalxozlar və sovxozlar tam gücü ilə işləyir, insanlar özlərinə lazım olan şəraitlər yaradırdılar. Əfsus ki, kolxoz və sovxozların dağılması ilk növbədə dağ kəndlərimizə böyük zərbə vurdu...

Bu gün insanlara verilən paybəlli torpaqlarda nə isə etmək və yaxşı məhsul götürmək müşkül məsələdir. Çünki torpağı əkmək və ona qulluq etmək üçün böyük maliyyə tələb olunur. Bütün bu problemləri həll etmək üçün gecikmədən artıq bütün dünyada öz təsdiqini tapmış kooperasiya təsərrüfatına keçmək lazımdır. Elə misal üçün deyim ki, Çin Xalq Respublikası kooperasiyalar yaratmaqla, kənd təsərrüfatı sahəsində dünyada analoqu olmayan böyük uğurlar əldə edirlər. Bu fikri ölkə başçımız İlham Əliyev Çin Xalq Respublikasında olanda özü də təsdiq etdi. Kooperasiyaların ilk növbədə dağ kəndlərində yaradılması, artıq bu rayonların Bakıda, Sumqayıtda, Rusiyada, aran rayonlarında məskunlaşmış və orada da lazım olan kimi nələrsə əldə edə bilməyən adamlarını yenidən dağ rayonlarına qaytaracaq.
Bax, belə dağ rayonlarından biri də Yardımlı rayonudur. Bu rayon da hələ ki, özünün problemləri ilə yaşayır. Amma rayonumuza yeni İcra Hakimiyyəti başçısı Ayaz Əsgərovun təyin olunması insanlarda böyük ümid yardıb. Çünki onun əvvəllər işlədiyi Qazax rayonunda gördüyü böyük, uğurlu işlər yardımlılara tanışdır.
Belələklə,Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bu rayona başçı təyin olunan ilk günlərdən kəndlərdə səyyar qəbullar keçirir. Rayonda olan problemlər yerindəcə öyrənilir və onların həlli yolları axtarılır.

Görüşlərdə RİH rəsmiləri ilə yanaşı, hüquq mühafizə orqanları rəhbərləri, idarə və müəssisələrin müdirləri, kənd ictimaiyyətinin tanınmış nümayəndələri, ağsaqqallar da iştirak edirlər. Bu da insanlarda böyük maraq yaradır. Və insanlar öz problemlərini deyir, onların problemləri də elə yerindəcə həll olunur. Bununla da insanlar hansısa məmurun qapısının ağzında saatlarla vaxt itirməli olmurlar.

Görüşlərdə Ayaz müəllim ölkəmizin daxili və xarici siyasətindən söz açır, sosial-iqtisadi və ordu quruculuğundakı nailiyyətləri dəyərləndirir. Rayon İcra Hakimiyyətinin başçısı qəbul keçirdiyi kəndlərin mövcud sosial-iqtisadi durumunu insanlara xatırladaraq, onları əvvəlki illərlə müqayisə edir və bildirir ki, əksər kəndlərin inzibati ərazi dairəsində infrastrukuturun yeniləşməsi istiqamətində son vaxtlar ciddi addımlar atılıb. Məsələn, son 2 ildə Perinbel, Hamarkənd və Çayüzü kəndlərinə gedən avtomobil yolları asfaltlanıb, kəndlərdə müasir tipli məktəblər tikilib. Hamarkənddə keçən il müasir tipli səhiyyə ocağı tikilib istifadəyə verilib. Artıq bu səhiyyə ocağından qonşu kəndlər də lazımi səviyyədə istifadə edir. Bu inkişaf da davamlıdır və kəndlərin mövcud durumunu yaxşılaşdırmaq üçün bundam sonra da belə tədbirlərin və tikililərin işi davam etdiriləcək.
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə böyük diqqət və qayğı ilə yanaşan Ayaz Əsgərov təşkil olunan görüşlərdə bildirir ki, şəhidlərin adlarının əbədiləşməsi, onların ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl iş aparılıb və bu iş yenə davam etdiriləcək. Ölkənin bütün yerlərində olduğu kimi, Yardımlı rayonunda da şəhid ailələri və Qarabağ əlilləri üçün yaşayış evləri, fərdi mənzillər tikilib, onların təqaüdləri artırılıb. Rayonda şəhid ailələri üçün bir 16 mənzilli bina və 5 kənddə Qarabağ müharibəsi əlilləri üçün fərdi mənzil tikilib. Hal-hazırda isə 2 şəhid ailəsi üçün ev tikilir. Bu işi də rayon İcra Hakimiyyətinin başçısı nəzarətə götürüb və başqa şəhid ailələrinin də ev və sosial şəraitlərini yaxşılaşdırmaq üçün işlər görüləcək.

Bu gün Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun rəhbərliyi ilə artıq abadlıq işləri sürətlə davam edir. Belə ki, Yardımlı şəhərinin mərkəzi küçəsində tikinti-abadlıq işlərinə başlanıb. Çay daşlarından hörülmüş istinad divarları sökülərək və onların yerində mişar daşlarından daha hündür və zövqlü şəkildə yeni divarlar tikilir. Divarların ornamentli pillələrlə üzlənməsi də nəzərdə tutulub. Bu da Yardımlıya xüsusu bir gözəllik verəcək. Rayonun ən ucqar kəndi olan Teşkan baxımsızlıq ucbatından gözdən kənarda qalmışdı. Bu da kənd camaatının narazılığına səbəb olurdu. Kənd sakinlərinin xahişini nəzərə alan başçı kəndə gələn yeganə avtomobil körpüsünün yenidən qurulması üçün göstəriş verib. Artıq həmin körpünün tikintisinə və yolun təmirinə başlanıb.
Yardımlı rayonu üçün həyati əhəmiyyətə malik olan Yardımlı-Masallı atomobil yolunun 36 km hissəsində deformasiyaya məruz qalmış yerlərində təmir işləri aparılıb. Bu da artıq insanların böyük razılığı ilə qarşılanıb.
Bəli, işlər davam edir. Yardımlı rayonu Ayaz Əsgərovun başçılığı ilə problemlərin həll olunması üçün artıq böyük işlərə imza atır. İnanırıq ki, yaxın gələcəkdə Yardımlı rayonu respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevriləcək. Sovetlər Birliyi dağılandan sonra rayondan köçüb gedən həmvətənlərimiz rayona qayıdıb, qapıları bağlı qalmış öz evlərinin qapılarını açıb, burada öz həyatlarını davam etdirib, elə bu rayonda da öz ailələrinə böyük həvəslə çörək pulu qazanacaqlar. Həmin günlər heç də uzaqda deyil.
Son olaraq rayon camaatı adından Ayaz Əsgərova can sağlığı, başladığı bu böyük işlərdə uğurlar arzulayırıq. İnanırıq ki, onun adı Yardımlı rayonunn tarixinə qurucu rəhbər kimi düşəcək və o, insanlarımızın qəlbində əbədi yaçayacaq.
Mərdan DADAŞLI
"Tərəqqi" medallı müəllim. Şair, publisist
Yardımlı rayonu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB