QHT sədri Qulam İshaqzai ilə görüşüb

BMT nümayəndəliyində girovluqda şikəst edilən azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası müzakirə edildi

"Azıxantrop" Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Rəsmiyyə Babayeva BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai tərəfindən qəbul edilib.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycanda QHT-lərin beynəlxalq əməkdaşlıq qurulması sahəsində rastlaşdığı problemlər və
İctimai Birliyin BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi mövzular müzakirə edilib.

"Azıxantrop" Tarixi Araşdırmalar İctimai Birliyinin rəhbəri Rəsmiyyə Babayeva bildirib ki, " Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq qurması sahəsində bir çox problemləri mövcuddur. Beynəlxalq əməkdaşlığın qurulmasına mane olan səbəb kimi Azərbaycanın müharibə vəziyyətində olması və QHT-lərin üzləşdiyi iqtisadi problemlərlə yanaşı, beynəlxalq təşkilatların , xarici siyasətçilərin Azərbaycandakı QHT-lərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsini araşdıran təşkilatların fəaliyyətini dəstəkləmədiyini göstərmək olar . Bu problemin həll olunması üçün, beynəlxalq təşkilatların, fondların QHT-lərə təlim və dil kursları təşkil etməsi vacibdir".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai QHT-lərin bütün dünyada vacib rol oynadığını və nümayəndəliyin qeyri- hökumət təşkilatlarına güclü, işini bilən tərəfdaş kimi yanaşıldığını qeyd edib. Bu görüşdə isə yeni bir təşkilatın – "Azıxantrop" Tarixi Araşdırmalar İctimai Birliyini tanımasından məmnun olduğunu bildirib.

R. Babayeva bir sıra təkliflər irəli sürüb. O, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Minatəmizləmə və gənclərlə bağlı keçirdiyi layihələrin QHT-lərlə keçirilməsini və bu istiqamətdə yeni layihələrdə ermənilərin Qarqar çayı ilə top mərmisi axıtmasını, vaxtilə ermənilər tərəfindən girov götürülərkən şikəst edilmiş gənclərin - 24 yaşlı Babək İlyasov , 26 yaşlı Şövqi Əliyev kimi gənclərin cəmiyyətə inteqrasiyasının daha faydalı olacağını bildirib.

Q. İshaqzai isə təklifləri dəstəklədiklərini vurğulayıb. Xüsusilə müharibə zamanı ermənilər tərəfindən girov götürülmüş və şikəst edilmiş, həmin gəncləri cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edərək, bu mövzunu diqqətdə saxlayacaqlarını deyib.

Görüşün sonunda Qulam İshaqzaiyə "Azıxantrop" Tarixi Araşdırmalar İctimai Birliyinin rus dilində nəşr etdiyi Henrix Tomson "Bakı xatirələri 1914-1921-ci illər" (Генрих Томсон "Бакинские воспоминания 1914-1921 года") , Əsir və İtkin Düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın ingilis dilində nəşri olan "QSM-7" təsdiq edir " ( "QSM-7" confirms) kitabları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə