İsmayıllı rayonunda yeni obyektlər istifadəyə verildi

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfər edib
İsmayıllı rayonunda yeni obyektlər istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.

Prezident İlham Əliyev "İsmayıllı-2" Su Elektrik Stansiyasının açılışında iştirak edib. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verib ki, ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavatlıq üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.

Diqqətə çatdırılıb ki, "İsmayıllı-1" Su Elektrik Stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su "İsmayıllı-2" Su Elektrik Stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Prezident İlham Əliyev su elektrik stansiyasını işə salıb.

Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, əvvəlki illərdə iki qrupla fəaliyyət göstərmiş uşaq bağçasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulmasına 2015-ci ilin əvvəlindən başlanılıb. Hazırda uşaq bağçası beş qrupluq yeni məktəbəqədər təhsil müəssisəsinə çevrilib. Əsaslı təmir işlərindən sonra körpələr evi-uşaq bağçasında şərait müasir səviyyəyə çatdırılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb. Hazırda bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait var.

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, üçüncü texniki dərəcəli avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr idi. Uzunluğu 28 kilometr olan yolun yenidənqurmadan sonra hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilib, dağılmış suötürücü borular bərpa edilib, köhnələri isə yenilənib.

Yolun ikinci kilometrliyində Mehmanlı çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün də inşası aparılıb. Daha bir körpü Kürdmaşı çayı üzərində tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol nişanı və məlumatverici tablolar quraşdırılıb, 12 yeni avtobus dayanacağı inşa edilib.

Diqqətə çatdırılıb ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bundan başqa, Bakı-Şamaxı-Yevlax, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxışı təmin edəcək və regionun turizm sektoruna müsbət təsir göstərəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub. Kompleksdə əsaslı təmir işlərinə dövlətimizin başçısının tapşırıqlarına əsasən, 2015-ci ilin martından başlanmışdı. Ərazisi 7,5 hektar olan kompleksin həyətində 936 yerlik süni örtüklü futbol meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik üç kottec, basketbol və voleybol meydançaları inşa olunub.

Kompleksin 510 yerlik əsas idman zalı müasir avadanlıqla təchiz edilib.

Məlumat verilib ki, burada müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışları yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb. İkimərtəbəli əsas binada soyunub-geyinmə otaqları, mini futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar da var.

Bütün xəbərlər Facebook səhifəmizdə