Azərbaycan Prezidenti Qəbələdə səfərdədir FOTOLAR

Azərbaycan Prezidenti Qəbələdə səfərdədir FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Azərbaycan Prezidenti Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.

Sahəsi 3300 kvadratmetr olan ikimərtəbəli binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Qrup otaqlarında uşaqların təlim-tərbiyəsi, yataq otaqlarında isə balacaların rahatlığı üçün hər cür şərait var. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları da yaradılıb. Bağçanın ətrafındakı yaşıllıq zolağı, əyləncə meydançası və attraksionlar da uşaqların çox xoşuna gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə