Şərəfli həyat yolu

Müsahibim uzun illər Azərbaycanda idmanın inkişafında xüsusi rolu olmuş və ona öz töhvələrini vermiş ağsaqqal məşqiçi, milli dərəcəli hakim, "Fəxri bədən tərbiyəsi işçisi" adına və saysız-hesabsız tərifnamələrə layiq görülmüş, hazırda təqaüddə olan Məlikov Səftər Mürsəl ogludur. Biz onunla təsadüfən Nabrandakı istirahət mərkəzlərinin birində görüşdük.Təbiət etibarı ilə çox sakit görünən bu insanın söhbətlərini dinlədikcə doğrudan da onun mənəviyatının nə qədər zəngin çalarlara malik olduğunun şahidi oldum. Səftər müəllim cavanlıq vaxtlarından, yarışda iştirak etdiyi illərdən fərəhlə söhbət etdikcə, sanki gözlərinin dərinliyindən (indi kifayət qədər geridə qalmış o illər) cavanlıq həsrətinin təəssüf dolu boylantısı hiss edilir. Gəlin, ömrünün ən gözəl çağlarını idmana həsr etmiş bu ağsaqqalın keçdiyi həyat yoluna, necə deyərlər qısa bir ekskurs edək.

Səftər müəllim 1938-ci ildə Neftçala rayonunun Banka qəsəbəsində anadan olmuşdur. 1956-cı ildə indiki Bədən Tərbiyəsi Akademiyasının (O vaxtlar Kirov adına İdman İnstitutu adlanırdı - müəll.) boks bölməsinə daxil olmuşdur. Böyük fəxr hissi ilə Azərbaycan Boks Federasiyasının baş katibi və Milli Olimpiya Komitəsinin I vitçe-prezidenti, millət vəkili, professor Ağacan Əbiyevlə bir qrupda oxuduğunu və yarışlarda olduğunu xüsusi rəğbətlə qeyd edir. İnstitutu bitirdikdən sonra o vaxtkı Spartak stadionuna direktor müavini təyin edilmişdir. Burada bir il işlədikdən sonra Axundov adına APİ-də laborant və bir ildən sonra isə idman müəllimi və bununla paralel Dinamo İdman Cəmiyyətində boks üzrə məşqçi işləmişdir. On iki il Axundov adına APİ-də İdman klubunun sədri kimi çalışmışdır. Bu illər ərzində Azərbaycan bayrağını bir çox ölkələrdə ucaldan adlı-sanlı idmançılar yetişdirən Səftər müəllim onlardan bir neçəsinin adını fərəh hissi ilə çəkir. Niyazi Agayev - Axundov adına APİ-nin tələbəsi, idman ustası, Azərbaycan çempionu, Mikayılov Tərif - Azərbaycan çempionu, Güləhməd Əsgərov - altı dəfə Azərbaycan çempionu.

Bu sıralamanı əlbəttə ki, davam etdirmək olar.

Maraqlı faktlardan biri də odur ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Dövlət Sərhəd Xidməsinin rəis müavini Asif Cəbrayılov da vaxtı ilə Səftər müəllimin boks üzrə tələbələri olmuşlar.

Bir oğlu və futbola marağı olan bir oğul nəvəsi olan Səftər müəllim mütəvazi bir həyat sürür. Həyatdan daha nə gözləntisinin olduğunu soruşduqda isə 78 yaşlı ağsaqqalın çöhrəsinə təbəssüm qonur və yalnız bir arzusunun olduğunu - "Əməkdar müəllim" adını almağın onun üçün ən böyük mükafat olduğunu deyir.

Səftər müəllimdən ayrıldıqdan sonra öz-özümə fikirləşərək həyatın nə qədər mürəkkəb olduğunu və mürəkkəb olduğu qədər də nə qədər təzadlarla dolu olduğunun şahidi oldum. Bəzən başqaları üçün əlçatmaz görünən hər hansı bir iş, hansısa məmur tərəfindən asanlıqla gerçəkləşə bilər. Belə olan halda bəs nəyə görə biz öz yetirmələrinin uğurları ilə fəxr edən, ölkəmizin idman sahəsindəki uğurlarında payı, 56 il əmək fəaliyyəti olan bu alicənab insanın kiçik bir istəyinin, arzusunun həyata keçməsinə kömək etməyək? Şair demişkən, "Saglıgında qiymət verin insanlara". Gəlin, bu işdə Səftər müəllimə kömək əlimizi əsirgəməyək.

İlham Teymuroglu

Bütün xəbərlər Facebook səhifəmizdə