Nazirlikdən: "Kəndli öz torpağında fəhlə deyil, sahibkar olmağı bacarmalıdır” FOTO
"Biz pilot kooperativin "dərs"lərindən faydalanmalıyıq"- Nazirlikdən SİA-ya verilən məlumata görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin şöbə müdiri Orxan Mikayıl deyib. Kənd Təsərrüfatı Layihələrinin idarə edilməsi şöbəsinin müdiri Avropa İttifaqı ilə nazirliyin birgə icra etdiyi layihə çərçivəsində yaradılmış "Proqress" heyvandarlıq-südçülük kooperativinin kənd təsərrüfatı sahəsində ilk pilot kooperativ olduğunu qeyd edib. Orxan Mikayıl bu təcrübənin həm kəndlilər, həm də Nazirlik üçün faydalı olduğunu bildirib.
"Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması" mikrolayihəsi 2 il əvvəl fəaliyyətə başlayıb. Layihə çərçivəsində 3 rayonda – Ağcabədi, Bərdə və İmişli rayonlarında 69 ailə təsərrüfatına lizinq yolu ilə güzəştli şərtlərlə cins mal-qara verilib. Avstriya və Almaniyadan gətirilmiş heyvanlar bu il bala verməyə başladıqdan sonra hər 3 rayonda südtoplama məntəqələri yaradılıb.
Layihənin kuratoru olan Orxan Mikayılın sözlərinə görə, kooperativin təcrübəsi göstərir ki, fermerlər güclərini birləşdirib, tək fəaliyyət göstərən kəndli üçün mürəkkəb olan məsələləri asanlıqla həll edə bilərlər: "Əkin sahələrini birləşdirib, yem becərilməsini göstərmək olar. Əkin-biçin texnikasının məşğul vaxtında 2-3 hektarlıq sahələrə könülsüz girən texnika sahibləri böyük sahələrə qarşı eyni münasibəti göstərməz. Birləşdirilmiş sahələrin zərərvericilərdən təmizlənməsi də asan olur. Məsələn, biri tarlanı gəmiricidən təmizləyirsə, amma qonşusu da eyni işi görmürsə, bunun heç bir faydası yoxdur".
"Proqress" kooperativinin təcrübəsi birgə fəaliyyətdə satış kanalı tapmağın da xeyli asanlaşdığını göstərir. "Gün ərzində 10 ton süd çənini dolduran kooperativin alıcı tapma imkanı ilə maksimum 240 litr süd yığan fermerin alıcı tapma imkanını müqayisə etsək, özümüz buna əmin olarıq" – ilk pilot kənd təsərrüfatı kooperativinin kuratoru belə deyib.
Kooperativ baytar, marketoloq, logistika-daşıma xidmətlərindən birgə istifadə etməkdən başqa, hətta birgə istehsal da yarada bilər.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Azərbaycan kəndlisinin kapitalizmə alışmalı olduğunu əlavə edib. "Fermer özünü sahibkar kimi hiss etməyi bacarmalıdır. Anlamalıdır ki, ondan öz torpağında, öz fermasında fəhlə olmaq deyil, öz təsərrüfatında sahibkar olmaq tələb olunur. Təəssüf ki, belə kooperativdə birləşdikdə, icma maraqlarına zərər vuran fermerlərdən də qorunmaq gərəkir. Təsəvvür edin ki, heyvanını qayda-qanunla bəsləyən, bütün yem tələblərinə riayət etməklə bəsləyən kəndlinin gətirdiyi 3.8-4% yağlı süd məsuliyyətsiz, südün üzünü yığan və ya içərisinə su qatan kəndlinin gətirdiyi süd ilə eyni - ümumi 10 tonluq çənə tökülməli olur. Nəticədə isə icma yuxarı qiymətə yağlı süd almaq istəyən istehsalçıya südünü sata bilmir. Kooperativləşməyə gedən insan icma maraqlarını qorumağı bacarmalıdır. Kooperativin fəaliyyətində birgə maraqları güdərək iştirak etməlidir" - Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin şöbə müdiri belə bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB