2 kəndə ilk dəfə qaz verildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur. Avqustun 2-də Qusar rayonunun daha iki kəndinə ilk dəfə təbii qaz verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 261 abonenti olan Ləcət və Yuxarı Tahircal kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 33 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sakinlər kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə