Mətbuat seçki prosesini necə işıqlandırmalıdır? ŞƏRH

Mətbuat seçki prosesini necə işıqlandırmalıdır? ŞƏRH

"26 sentyabrda keçirilməsi planlaşdırılan ümumxalq səsvermə - referenduma ictimai diqqətin cəlb edilməsi təbiidir. Əslində ölkə başçısının Referendum haqqında sərəncamının 2 ay öncədən elan edilməsi də ictimai rəyin araşdırılması ilə bağlı idi. İctimaiyyətin bu məsələ ilə bağlı mövqeyi çox önəmlidir. Son günlər bu məsələ həm sosial şəbəkədə, həm internet mediada çox geniş müzakirə edilir və demək olar ki, diqqəti özünə cəlb edə bilib. Bu da sevindirici haldır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib.

"Bəzi KİV-lərin yaydığı böhran xarakterli məlumatlar özlərinin deyil, mənsub olduqları siyasi qüvvələrin maraq dairələrinə uyğundur"

Bəzi KİV-lərdə proseslə bağlı böhran xarakterli məlumatların yayılması haqqında fikirlərini bildirən M.Ələsgərli söyləyib ki, həmin KİV-lərin nümayiş etdirdikləri mövqe gözləniləndir: "Çünki, onlar özlərini müstəqil KİV qurumu kimi elan etsələr də, fəaliyyətləri dövründə müəyyən siyasi qrupların təsir dairələri altında olduqları məlum bir faktdır. Həmin KİV-lərin yaydığı böhran xarakterli məlumatlar da özlərinin deyil, məhz mənsub olduqları siyasi qüvvələrin maraq dairələrinə uyğundur. Bu baxımdan həmin KİV-lərin Referendumla bağlı qərəzli mövqe sərgiləməsində qeyri-adi heç nə görmürəm. 10 il ərzində hansı mövqeni nümayiş etdiridilərsə, bu gün də onu nümayiş etdirməyə çalışırlar. Bu KİV qurumu üçün yolverilən hal deyil. Çünki, media qurumu müstəqil olmalı, cəmiyyətin, ictimaiyyətin rəyini ifadə etməlidir. Amma təəssüf ki, bəzi media qurumları KİV Konsepsiyasından yox mənsub olduğu siyasi qrupların maraqlarından çıxış edirlər ki, bu da hər zaman olduğu kimi yenə də Azərbaycan ictimaiyyətinin rəyi ilə zidd olan məqamlardır".

"Jurnalist hazırlayacağı xəbərdə subyektiv fikrini əks etdirməməlidir"

Media qurumlarının referendum seçkilərində iştirakından söz açan Mətbuat Şurasının sədr müavini söyləyib ki, KİV-lərin səsvermə və seçki prosesindəki fəaliyyəti qanunvericiliklə tənzimlənir: "Jurnalistlər seçki prosesində iki formada - gedən proseslər haqqında cəmiyyəti məlumatlandıra və vətəndaş olaraq seçkidə iştirak edə bilərlər. Sadəcə bu nüansları bir-birinə qatmaq olmaz. Jurnalist vətəndaş olaraq siyasi əqidəsindən, düşüncə tərzinə uyğun şəkildə qoyulan məsələlərin lehinə və ya əleyhinə səs verə bilər, amma bu, onun proses haqqında yazdığı yazılara təsir etməməlidir. Jurnalist referendum seçkilərinə hazırlıq prosesinin gedişi, keçirilməsi haqqında hazırlayacağı xəbərdə subyektiv fikrini əks etdirməməlidir. Köşə yazısı müxtəlif şərhlər vasitəsilə öz mövqeyini ortaya qoya bilər, lakin cəmiyyətə proseslə bağlı düzgün olan məlumatı çatdırmalıdır. Təəssüf ki, jurnalistlər çox zaman bu cür proseslərlə bağlı hazırladıqları məlumata öz siyasi baxışlarını əlavə edib, cəmiyyətə çaşdırıcı informasiyalar ötürür, mövqelərini cəmiyyətinin baxışı və ya proseslərin mahiyyəti kimi təqdim etməyə çalışırlar. Lakin bu, yolverilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə