Daha bir kəndin əhalisi sevindi
Ağsu rayonunun Kalva kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. SIA-nın xəbərinə görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Mikayıl İsmayılov, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, Ağsu RİH-nin başcısı Ənvər Seyidəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər. SOCAR prezidentinə məlumat verilib ki, 484 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 38923 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə