Bir vaxtlar həqiqətən göylərə meydan oxuyan Sumqayıt yeni icra başçısı təyin olunana qədər ürəkaçan vəziyyətdə deyildi. Çünki Sumqayıtda olan kimya, metallurgiya, tikinti, yüngül sənaye müəssisələri uzun illərdi demək olan ki, iflic vəziyətindədir. Daha doğrusu, həmin müəssisələrin yalnız bir neçəsi çox az işçi ilə fəaliyyət göstərir. Ona görə də şəhər əhalisinin böyük əksəriyyəti həmin müəssisələrdə işləmirdi. İndi isə dünyada baş verən iqtisadi çətinlik respublikamıza təsir etdiyi kimi Sumqayıtdan da yan keçməyib. Bu çətin durumdan da qalib çıxmaq üçün ölkə başçımız neftdən asılılığın aradan qaldırılması üçün bir-birindən əhəmiyyətli qərarlar verir və əsasən kənd təsərrüfatının, ağır və yüngül sənayenin, metallurgiyanın, kimya sənayesinin dirçəlməsi üçün təkliflərlə çıxış edir. Möhtərəm prezidentimiz insanlarımızın əsasən yerli kənd təsərrüfatı, ərzaq və sənaye mallarına üstünlük verməsini ön plana çəkir.
Əgər yadınızdadırsa, vaxtı ilə Çin Xalq Respublikası çox çərin bir durumda idi. Ona görə də həmin ölkənin rəhbərləri əsasən yerli məhsullara daha ciddi fikir verib və insanlarını da məcbur etdilər ki, yerli malları daha çox alsınlar. Tez bir zamanda Çin Xalq Respublikası böyük inkişaf həddinə çatdı və insanlar da yalnız yerli mallara da çox üstünlük verdilər. Həmin məhsullar ucuz olduğuna görə həm də çoxlu ölkələrin bazarında üstünlüyü ələ aldı. Bax bütün bunlar Azərbaycanda da özünün müsbət həllini tapsa, yəqin ki, qısa vaxtda böyük uğurlar əldə olunar. Buna hər cür imkan var. Azərbaycanın indiki vəziyyəti Sumqayıtda 1990-cı illərdən başlayıb. Çünki Sovetlər Birliyi dağılandan sonra Sumqayıtın demək olar ki, bütün müəssisələri yavaş-yavaş tənəzzülə uğradı. Amma yadımıza salaq 1980-ci illərin ortalarında təkcə "Azəriboru" zavodunda 12 min, Alüminium zavodunda 5 minə yaxın, kimya müəssisələrində 25 minə yaxın, Polomer Tikinti Kombinatında 2 minə yaxın, bir və iki nömrəli trestlərdə və onların sahələrində 20 minə yaxın insan çalışırdı. Eləcə də şəhərdəki yüngül sənaye müəssislərində 4 mindən çox adam işləyirdi. Beləkilə, şəhərdəki başqa müəssisələr də daxil olmaqla 150 mindən çox insan işləyirdi. Və hamı da yüksək əmək haqqı alırdı. Şəhərdəki böyük müəssislərin də hamısının yardımçı təsərrüfatları vardı. Bu təsərrüfatda da kənd təsərrüfatı məhsulları əkilir, mal-qara saxlanılır və ərzaq bolluğu yaratmaq üçün çoxlu uğurlu işlər görülürdü. Həmin müəssisələr bu məhsullarla təkcə özlərini təmin etmir və başqa müəssislərə də yardım edirdilər. Bu müəssisələrin hesabına büdcədən maliyyələşən təşkilatlar da yüksək səviyyədə əmək haqqı alır və heç bir problemlə üzləşmirdilər. Amma Sovetlər Birliyi dağılandan sonra respublikada baş alıb gedən xaos Sumqayıtda da özünün pik həddinə çatdı. Zavodlar və başqa müəssislər əsaslı təmir olunmaq adı ilə orada olan qiymətli metallar sökülüb İrana, Türkiyəyə çox ucuz qiymətə satıldı. Keçmiş Sovetlər Birliyi ölkələri ilə əlaqələr kəsildi və o ölkələrdən Sumqayıt müəssisələrinə xammal almaq çətinləşdi.
Bütün sahələrdə olduğu kimi şəhərin memarlığı da həmin vaxtlar çox bərbad bir vəziyyətə düşdü. Kim nə istədi, şəhər rəhbərləri ilə danışıb və özü üçün harada gəldi bir köşk, xarda dükan açdı. Bu adamlar həmin köşkləri, dükanları tikmək üçün şəhərdə illərlə insanların böyük qayğı ilə əkdikləri qollu-budaqlı ağacları vəhşicəsinə kəsdilər. Axı həmin ağacları bu adamlar özləri əkməmişdilər. Bütün bunlar da Sumqayıtı sevən, bu şəhəri özlərinin tale şəhəri bilənlər üçün bir dərd oldu. Həmin vaxtlar şəhərə rəhbərlik edənlər də heç cür şəhərin əvvəlki simasını özünə qaytarmağa çalışmadılar. Ola bilər ki, onlardan bəziləri buna cəhd etdilər, amma bu onlarda alınmadı...
Mən də taleyimi 1982-ci ildən Sumqayıtla bağlamışam. 18 yaşımda Üst Trikotaj Fabrikində ilk əmək fəaliyyətinə başlamışam. Artıq 34 ildir ki, bu şəhər mənim də tale şəhərimdir. Bu illərdə ayrı-ayrı müəssisələrdə çalışmışam. İndi mətbuatda çalışıram və bu şəhər haqqında da yazılar yazıram. İş yerim Bakıda olsa da bu şəhərə çox bağlandığıma görə buradan Bakıya köçmək istəmirəm. Sumqayıtda baş verən neqativ halları da qəbul edə bilmirəm.

Keçən əsrin 80-ci illərində Sumqayıt şəhərinin 3-cü mikrorayonu necə də gözəl idi. 10 ay bundan əvvəlki vaxta qədər Sülh küçəsi ilə keçib Bakıya gedəndə, şəhərin girişindəki yöndəmsiz tikililəri görəndə pis olurdum. Amma indi şəhərin girişi günü-gündən gözəlləşir, genişlənir. Yolun sağ və soluna çoxlu ağaclar və gül kolları əkilr. Yollar genişlənir. Bu artıq Sumqayıtın sinasıdır. Şəhərə gələr qonaqlar bu gözəlliyi görməklə Sumqayıta qiymət verəcəklər. Eləcə də Novxanıdan şəhərə giriş də gözəlləşir. 1970-ci ildə Sumqayıt Mərkəzi Univermağının memarı Avrora Salamovaya bu maraqlı işinə görə həmin vaxtı Azərbaycan Dövlət mükafatı verildi. Azərbaycanda hamı həmin univermağın gözəlliyi ilə fəxr edirdi. Hətta həmin univermağın qarşısında da maşın dayanacağı vardı. 1990-cı illərin xaos vaxtında həmin dayanacaq zəbt olundu və yerində yöndəmsiz ticarət obyektləri tikildi. Bütün bunlar da Sumqayıt Mərkəzi Univermağının arxitekturasına bir xələl gətirdi. Axı bunlar kimə lazım idi?..

Ona görə də Sumqayıtın əvvəlki görkəmini özünə qaytarmaq üçün hökmən Sülh küçəsində böyük abadlıq işləri aparmaq lazımdır... Əlbəttə, hər iş də sülhlə və halallıqla olmalıdır.

Belə qərara gəldim ki, ömürlərini Sumqayıt üçün şam kimi əridən, bu şəhəri özlərinin tale şəhəri bilər insanlara müraciət edim və bu şəhərin gələcəyi ilə bağlı onların da fikirlərini öyrənim. Belə insanlardan biri şəhərdə sayılıb-seçilən və ağsaqqal kimi qarşılanan, mühəndis, dramaturq Akif Həsənoğludur (Zeynalov).
Mühəndis, dramaturq, "Azmənzilsənayetəmirtikinti" İstehsalat Birliyinin baş direktoru Akif Həsənoğlunun dediklərindən:
-Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu bitirəndən sonra, 1963-cü ildən ali təhsilli mühəndis kimi taleyimi Sumqayıt şəhəri ilə bağlamışam. Uzun illər kimya müəssisələrində çalışmışam. Adi bir işçidən, ən gənc yaşlarımda Sintez Kauçuk zavodunun baş mexaniki kimi böyük bir vəzifəyə qədər yüksəlmişəm. Bu şəhər mənim gözlərimin qarşısında və mənim kimi minlərlə insanların iştirakı ilə tikilib. 1969-cu ildən "Azmənzilsənayetəmirtikinti" İstehsalat Birliyini yaradıb, bu müəssisənin baş direktoru təyin olunmuşam və bu gün də həmin vəzifədə işləyirəm. Bu şəhərin ən kiçik uğurlarına delə sevinmişəm. Ən kiçik neqativ işlərinə də kədərlənmişəm. Sevinirəm ki, hələ Sovetlər Birliyi vaxtı yazdığım "Mənim ağ şəhərim" ssenarim üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kino-Studiyasında Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə kinofilm çəkilib. Elə o vaxtlar da bu kinofilm keçmiş Sovetlər Birliyində böyük sensassiya ilə qarşılandı. Çünki orada insan orqanizminə təsir edən kimya zavodlarının insanları necə məhv etməsi özünün parlaq əksini tapmışdı. Və həmin insan orqanizminə təsir edən çox zəhərli maddələrin Sumqayıtdakı zavodlarda istehsal olunmasına həmin vaxtlar biz öz etirazımızı bildirdik. Bununla mübarizə apardıq. Axır ki, öz istəyimizə nail olduq. Bizim böyük mübarizəmiz sayəsində zərərli məhsullar istehsal edən həmin sexlər bağlandı.
Sumqayıt şəhərinə yaxşı tanıdığım Zakir Fərəcovun İcra Hakimiyyətinin başçısı təyin olunmasına mən də çox sevinmişəm. Fərəhlənmişəm ki, özü sumqayıtlı olan və bu şəhəri özünün tale şəhəri, doğma evi bilən insan, hökmən Sumqayıtın əvvəlki şöhrətini, simasını özünə qaytaracaq. Artıq işlədiyi bu 10 ay müddətində bunun tam şahidi olmuşuq. Sumqayıtda artıq böyük abadlıq-quruculuq işləri gedir. Sumqayıt güllər diyarına çevrilir. Əlbəttə, ona bu müqəddəs işdə bütün sumqayıtlılar və başda biz ağsaqqallar, bu şəhəri quranlar da olmaqla köməklik etməliyik.
İnanın "Nizami" kinotetrının ətrafinda olan yöndəmsiz və qanunsuz tikilən ticarət obyektlərinin sökülməsinə çox sevindim. Bizim gəncliyimizin ən gözəl istirahət yeri olan "Nizami" (keçmiş Rosiyya) kinoteatrının "əsirlikdən" çıxmasına bütün sumqayıtlılar sevinir. Buna görə hamı Zakir Fərəcovu alqışlayır. Artıq Sumqayıt şəhərinin bir sıra küçələrində olan yöndəmsiz ticarət obyektlərinin sökülməsi məsələsi qaldırılıb. Mən bir ağsaqqal kimi üzümü həmin obyektlərin sahiblərinə tutub deyirəm: "Axı siz niyə istəmirsiniz ki, şəhərimizin giriş küçəsi və başqa küçələri gözəlləşsin, genişlənsin? Bu şəhər təkcə bizim yox, övladlarımızın, nəvələrimizin, nəticələrimizin şəhəridir. Bu şəhər bizim yurdumuzdur. Gəlin bu şəhərin keçmiş simasını birlikdə, əl-ələ verib özünə qaytaraq. Gəlin əl-ələ verib, zavodların, fabriklərin, tikinti obyektlərinin və başqa müəssisələrin əvvəlki kimi işləməsinə var qüvvəmizlə köməklik edək. Gəlin hamımız Zakir müəllimə köməklik edək ki, o, Sumqayıt müəssisələrinin tam gücü ilə işləməsinə və şəhərimizin yenidən qurulmasına tam gücü ilə çalışsın".

Mən, çoxlu xarici ölkələrdə olmuşam. Sumqayıtla yaşıd olan çoxlu şəhərləri də görmüşəm. İstərdim ki, bizim şəhərimiz də həmin şəhərlər kimi gözəl olsun. Axı biz qumsallıqda, heç bir şəraiti olmayan yerdə şəhər salıb, burada ağaclar əkib, binalar ucaltmışıq. Bizim böyük əziyyətlə ərsəyə gətirdiyimiz həmin ağacların kəsildiyini görəndə və onların yerində artıq tamah adamların ucaltdığı ticarət obyektlərinin peyda olduğunu görəndə, bütün bunlar mənim heysiyyatıma toxunur. Həmin obyektlərdən mən də tikə bilərdim. Təvazökarlıqdan uzaq olsa da, keçmiş sumqayıtlılar bilir ki, bu şəhərin ən varlı insanlarından biri mən olmuşam. Amma heç vaxt özümə sığışdırıb, Sumqayıtın gözəlliyinə xələl gətirən belə qanunsuz işlər görməmişəm.

Gəlin Sumqayıtı, doğma şəhərimizi birlikdə gözəlləşdirək. İnanıram ki, Sumqayıtın əvəlki simasını özünə qaytarmaq üçün bu belə də olacaq.
Azadə MƏHƏMMƏDQIZI
Yazı Sumqayıt Bələdiyyəsinin elan etdiyi "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi yazı müsabiqəsində həvəsləndirici mükafat alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB