"Gənc Heydərçilər"in istirahəti başa çatdı

"Gənc Heydərçilər"in istirahəti başa çatdı

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi ilə birgə artıq 3-cü dəfə həyata keçirilən Gənc Heydərçilər layihəsi başa çatıb. SİA-nın Şimal bürosundan verilən məlumata görə, Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin ön xəttdə xidmət edən zabitlərin övladları ümumilikdə – 250 nəfər üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissəsində "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb. Məktəblilər hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, özləri də təlimlərə qatılıblar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilib, onlar təlim prossesində maneələri dəf edib, ilk dəfə olaraq avtomat silahdan atəş açıb, hərbi texnikanın döyüşdə iştirakını müşahidə ediblər. Düşərgənin bağlanışına həsr olunmuş təntənəli tədbirdə çıxış edənlər layihənin əhəmiyyətini vurğulayıb, ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıblar.

Sonda hərbi təlimlərdə fərqlənən, idman yarışlarında qalib gələn şagirdlərə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə