Xalq Referendum layihəsini dəstəkləyir

Xalq Referendum layihəsini dəstəkləyir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, Konstitusiya Referendumu layihəsi istər sadə xalq, istərsə də ziyalılarımız, ictimai-siyasi xadimlərimiz tərəfindən dəstəklənir. Məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün güclü iqtisadiyyata malik olan dövlətə çevrilib. Bu siyasət hazırda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı müdrik, dəyərli, qədirbilən xalq olduğu üçün dövlət başçısı tərəfindən irəli sürülən hər bir addımı dəstəkləyir. Bu baxımdan, inanırıq ki, xalqımız Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklərə düzgün qiymət verə biləcək və ali qanunda əksini tapması üçün Konstitusiya Referendumunu dəstəkləyəcək.

ELDƏNİZ SƏLİMOV, millət vəkili:

- İlk növdədə bu uğurlu qərarın Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, vətəndaş marqlarının təminatının daha da mütərəqqiləşməsinə səbəb olacağını demək istərdim. Xüsusilə, Parlamentin fəaliyyəti ilə bağlı müddəlara təklif edilən dəyişkiklər barədə fikirlərimi bildirmək istərdim. Belə ki, Milli Məclisin fəaliyyəti ilə bağlı təklif edilən dəyişikliklər iki istiqamətdədir. Birincisi, Parlamentin Prezident tərəfindən buraxılması qaydasının konkret normaları müəyyənləşir, digər tərəfdən, deputatın səlahiyyətlərinin itirilməsinə səbəb olan amillərin (səsvermə hüququnu şəxsən həyata keçirə bilmədikdə və etik qaydaları kobud surətdə pozduqda) sayı artırılır. Şübhəsiz ki, bu dəyişiklik Milli Məclis deputatlarının məsuliyyətinin daha da artırılmasına və öhdəliklərinin vicdanla icrasının təmininə yönələn təşəbbüsdür.

Daha bir diqqətçəkici faktor gənclərimizə verilən imkanların daha da artırılmasıdır.

Konstitusiyaya ən mütərəqqi dəyişiklik təkliflərindən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində fəal iştirakına şəraitin yaradılmasıdır. Belə ki, artıq hakimlikdən deputatlığa, nazir postundan Prezidentliyə qədər heç bir vəzifədə yaş senzi olmayacaq ki, bu amilin özü ciddi demokratik islahat kimi qiymətləndirilir. Baxın, 18 yaşından etibarən gənclər seçkili orqanlarda öz şanslarını sınaya biləcək, yaxud da fərasətli, bacarıqlı, istedadlı ali təhsilli gənclər yüksək vəzifələrə təyinat alacaqlar. Bu, böyük addımdır. Çünki gənclər hərəkatının fəallığının artırılmasına, dövlət quruculuğunda onların potensialından uğurla istifadəyə böyük töhfə və təkan olacaq bu təklifin, yəqin ki, dünyada analoqu az tapılar. Nəticədə deyə bilərik ki, qanuna nəzərdə tutulan digər dəyişiklik və əlavələr də öz əhəmiyyətinə görə seçilir. Biz bunun səmərəsini qısa zamanda görəcəyik.

NAZİM AĞAYEV, YAP Xaçmaz rayon təşkilatının sədri:

- Bildiyimiz kimi, müstəqil və müasir Azərbacan Respublikasının daha sürətli inkişafı, tərəqqisi üçün Konstitusiya Referendumu keçiriləcək. Artıq dövlət başçımız cənab İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanaraq, Konstitusiya Məhkəməsinə göndərilib. Layihədə bir çox mütərəqqi dəyişikliklər öz kəsini tapmaqdadır. Məsələn, təklif olunan layihədə ölkə rəhbərinə növbədənkənar prezident seçkiləri keçirmək hüququ da verilir. Belə seçkilərin keçirilmə müddəti isə 90 gündən 60 günə endirilir. Düşünürəm ki, bu da dəyişikliklərin növbəti mütərəqqi nümunələrindəndir. Belə ki, əgər əvvəllər prezident və parlament seçkiləri kampaniyası 3 ayı əhatə edirdisə, son illərdə Milli Məclisə seçkilərin müddəti üçdə-birə qədər azaldıldı və dövləti, vətəndaşları əlavə vaxt itkisindən azad edən bu dəyişiklik böyük razılıqla qarşılandı. Artıq bu müddətin prezident seçkilərinə də şamil olunması ölkə üçün taleyüklü prosesin qısa müddətdə yekunlaşmasına şərait yaradacaq.

Digər tərəfdən, bu kimi idarəçilik formasının bir çox Qərb ölkələrində də reallaşdırıldığını görməkdəyik. Yəni prezidentlik müddətinin 7 ilədək artırılması təklifi də dünyada artıq geniş tətbiq edilən idarəçilik formasıdır. Təbii ki, Azərbaycan da dünya ölkələri işində sürətlə inkişaf edən bir dövlət kimi öz qanunlarını daha da demokratikləşdirməli, xalqın marağına cavab verən layihələri reallaşdırmalıdır. Düşünürəm ki, bəzi müxalifətyönlü siyasətbazların heç bir məntiqə sığmayan iddialarından fərqli olaraq, prezidentin fəaliyyətinə nəzarət mexanizmi yüksək qanunçuluq və ictimai şəffaflıqla təmin olunduğundan 7 il müddətinin uzun olması barədə fikirlər heç bir halda narahatlıq yarada bilməz. Həmçinin, Azərbacan xalqı da yaxşı bilir ki, atılan hər bir addım, verilən hər bir qərar, irəli sürülən hər bir layihə və ideyalar onun daha yaxşı yaşamasına, firavan həyat sürməsinə hesablanmış addımdır. Xalqımız bu dəfə də vətəndaş-dövlət vəhdəti prizmasından çıxış edərək, müəyyən eidlmiş vaxta qeyd edilən əlavə dəyişklərə yekdilliklə səs verəcək.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə