“Şərq ailə modeli təhlükə qarşısındadır”

QHT Bakıda tədbir keçirib
“Şərq ailə modeli təhlükə qarşısındadır”

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində növbəti tədbirini iyulun 22-də Bakıda keçirib. "Hərbi and" qəzetinin konfrans zalında baş tutan tədbirdə "Sağlam ailə, sağlam gələcək" mövzusu müzakirə edilib.

Layihənin rəhbəri, HDİM sədri İlham Əliyev son illər ailədaxili konfltiklərin çoxalmasına diqqəti çəkib və boşanmaların artmasının ciddi problem olduğunu deyib. HDİM sədri deyib ki, Azərbaycan ailə institutu, Şərq ailə modeli təhlükə qarşısındadır: "Boşanma cəmiyyətin onurğa sütunu olan ailə institutunu laxladan ən ciddi amillərdən biridir. Ailələri dağılmasına fərqli səbəblər göstərmək olar. Müasir zamanda da təbii ki, sosial şəbəkələrin təsirini görməməzdən gələ bilmərik. Lakin sosial şəbəkələr ailə dəyərlərinin korlandığı zaman mənfi təsirini göstərə bilər. İnsan təfəkküründə xəyanət və ya digərinə qarşı meyl formalaşmayıbsa, heç bir sosial şəbəkə boşanmaya səbəb ola bilməz. Sosial şəbəkə iki xəyanətkar arasında münasibət vasitəsi hesab olunmalıdır".

Ehtiyatda olan zabit Həsən Əmirov hesab edir ki, indiki vəziyyətdə daha çox iqtisadi çətinlik və sosial problemlərin təsiri var: "İşsizlik, maddi sıxıntılar, ev problemi və sair gənclərin arasındakı sevgi münasibətlərini və hissləri arxa plana keçirir. Nəhayət ehtiyac ailə münasibətlərini davam etməkdə insanları dözümsüz hala salır". Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarfiləndirmə İctimai Birlyinin sədri Emin Həsənli çıxışında deyib ki, sağlam cəmiyyət qurmağın yolu sağlam ailədən keçir. Onun sözlərinə görə,

ailə qurularkən bəzən tələskənliyə yol verilir: "Əvvəllər valideynlər övladlarına qız seçəndə bütün şəcərəsini öyrənərdilər. Eyni zamanda qız evi də oğlan tərəfin ailəsi haqqında geniş məlumata malik olardı. Lakin indi oğlan təsadüfən bir nömrəyə zəng edir, qızla tanış olur və ya sosial şəbəkədə ünsiyyət qurduğu xanımla münasibətlər yaradır, sonda ailə qurulur. Təcrübə göstərir ki, bu cür təsadüfi münasibətlərə əsaslanan ailələrin təməli möhkəm olmur".

Sosial şəbəkələri müasir dövrünün ən böyük tapıntısı olduğunu deyən E.Həsənlinin sözlərinə görə, bəzən çirkli niyyətli adamlar bundan öz məqsədləri üçün istifadə edib, gənc xanımları tora salırlar: "Ancaq bu o demək deyil ki, sosial şəbəkələr bütövlükdə pisdir və qadağan olunmalıdır. Sosial şəbəkələr çox yaxşı ünsiyyət vasitəsidir, bəşəriyyətin bir uğurudur. Sadəcə olaraq bundan səmərəli istifadə etmək lazımdır. Bıçaq lazımlı mətbəx alətidir, ancaq onunla adam vuranda artıq suç alətinə çevrilir.

Valideynlər məktəbyaşlı uşaqlara nəzarət etməli, onların sosial şəbəkələrdən lazımsız istifadəsinə yol verməməlidir". Müstəqil jurnalist Səidə Abdullayeva ailədaxili problemlərin yaranmasında erkən nikahların böyük rol oynadığını vurğulayıb və qeyd edib ki, cəmiyyət erkən nikahlara qarşı səfərbər olmalıdır: "Mən bir gənc xanım kimi erkən nikaha qarşıyam. Bəzi bölgələrimizdə qızları 14, 15, 16 yaşlarında ərə verirlər. Ancaq qızlar təshil alsalar, karyera qursalar, cəmiyyət mövqe qazandıqdan sonra ailə qursalar daha yaxşı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə