Referendum Aktı layihəsinin müddəaları yüksək qiymətləndirilir
Uğurlu idarəçilik modeli

Bəlli olduğu kimi, Azərbaycan Prezidenti Cənab İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında mühüm sərəncam imzalayıb. Belə ki, layihədə qeyd edilən və nəzərdə tutulan dəyişikliklərdəki müddəalara görə, ölkəmizi rəhbəri Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, baş nazir postu ləğv ediləcək, əvəzinə birinci vitse-prezident və vitse-prezidentlər təyin olunacaq. Ümumiyyətlə, ictimai rəy Konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndir.

Təranə Kərimova, YAP Səbail rayon təşkilatının Qadınlar Şurasınnı sədri:

- Ölkə prezidentinin konstitusiya ilə bağlı təklif etdiyi dəyişikliklər reallığı ifadə edir və mahiyyət etibarilə Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə, ölkəmizdə demokratik cəmiyyətin daha yüksək səviyyədə inkişaf etməsinə xidmət edən təkliflərdir. Belə ki, dünyada gedən siyasi proseslər və bu proseslərdən çıxan konkret nəticələri nəzərə alaraq, Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş çox uğurlu təşəbbüs və ideyadır. Bu baxımdan, istər parlament seçkiləri ilə bağlı, istər prezident seçkiləri ilə bağlı yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə zidd olan məqamların aradan götürülməsini ehtiva edir. Belə ki, əvvəlkilərdən fərqli olaraq, artıq 18 yaşından yuxarı istənilən Azərbaycan vətəndaşı parlament üzvü seçilmək hüququnu daşıyacaq. O cümlədən, ölkə Prezidentinin 7 ildən bir seçilməsi də dünya praktikasında. ələxüsus da demokratik ölkələrin praktikasında mövcuddur.

Əlbəttə ki, vitse-prezidentlər institutunun yaradılması da Referendum Aktı layihəsinin uğurlu tərkib hissəsidir. Çünki bildiyimizə görə, bir sıra ölkələrdə yalnız vitse-prezident var. Lakin bizdə təklif olunan variantda birinci vitse-prezident və vitse-prezidentlər də var. Bu, digər ölkələr üçün də bir nümunə, demokratik siyasi uğur kimi nümunə ola bilər. Belə bir idarəçiliyun məhz Azərbaycanda formalaşması ölkəmizdə demokratiyaya verilən dəyərin yüksək göstəricisidir.

Beləliklə, layihə Referendumdan keçəndən sonra biz idarəetmə sistemində hansı demokratik islahatlarla müşahidə olunacağını görəcəyik. Uğurlu və demokratik layihədir və xalqın da bu layihəyə dəstək göstərəcəyinə, etimadına tamamilə inanıram.

Dilarə Cəbrayılova, millət vəkili:

- Ölkə başçımızın belə bir ideya ilə çıxış etməsi, Referendum Aktı layihəsi ilə bağlı vacb Sərəncamı imzalaması ilk öncə belə qənaətə gəlməyə əsas verir ki, nəticədə Azərbaycanda idarəetmə sistemi daha da sadələşdiriləcək, konkretləşdiriləcək, vitse-prezidentlərin idarəçilik sistemində iştirak etməsi bir sıra institutların ləğvinə və ya birləşməsinə gətirib çıxaracaq. Nəticədə, biz tamamilə yeni, demokratik idarəetmə dövrünə daxil olacağıq. Bu, həm də ölkəmizin inkişaf mərhələsidir. Eyni zamanda bu, dövlətin güclənməsinə, daha yüksək demokratik səviyyəyə qalxmasına, xalqın inkişafına xidmət edəcək.

Həmçinin, belə deyə bilərik ki, layihə olaraq bu Azərbaycanda daha yeni, daha ardıcıl, daha ciddi islahatların həyata keçirilməsinə hesablanıb. Ona görə də düşünürəm ki, cənab Prezident bu kimi Referendum Aktı layihəsi ilə bağlı çox uğurlu, dəqiq, perspektivi yüküsək olan bir ideyaya imza atıb. Biz Azərbaycanın daha da yeniləşməsi, daha da inkişaf və tərəqqisi, daha da demokratikləşməsi və dünyada söz sahibinə çevrilməsi üçün ümumxalq şəklində referendumun layihəsinə səs verib, onu dəstəkləməliyik.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə