Media nümayəndələri Fəxri Xiyabanda olublar FOTOLAR

Media nümayəndələri Fəxri Xiyabanda olublar FOTOLAR

Azərbaycanda milli mətbuatın yaranması günü ilə əlaqədar Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və ölkə mediasının digər rəhbərləri Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. SİA-nın məlumatına görə, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarının önünə gül dəstələri düzülüb.

Ziyarətçilər milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarının önünə əklil qoyub, onun Azərbaycan mətbuatının yaranmasındakı misilsiz xidmətlərindən söz açıblar.

Mətbuat Şurasının sədri Ə.Amaşov Həsən bəy Zərdabinin fəaliyyəti haqqında danışıb, onun yaratdığı "Əkinçi" qəzetinin Azərbaycan xalqının ictimai şüurunun oyanmasında böyük rol oynadığını, maarifçilik missiyasını layiqincə yerinə yetirdiyini vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycan mediası "Əkinci" qəzetinin ənənələri üzərində qurulub: "Bugünkü mediamız ölkəmizin inkişafında, həyata keçirilən islahatlarda, demokratik proseslərin gedişində öz töhfəsini verir. Ulu Öndər Heydər Əliyev tərəfindən MDB məkanında ilk dəfə olaraq Azərbaycanda KİV-də senzura ləğv edilib. Bu gün Azərbaycan mediası müstəqildir, hər bir jurnalist və vətəndaş öz fikirlərini müstəqil şəkildə ifadə edir".

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Həsən bəy Zərdabinin Azərbaycan mediasının tarixindəki önəmli yerindən söz açıb. O, milli mətbuatın banisinin daim Azərbaycan xalqının qəlbində yaşadığını bildirib. V.Səfərli bu gün ölkəmizdə azad mətbuatın inkişaf etdiyini, jurnalistlərimizin müstəqil şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə