Jurnalistlər Prezidentə minnətdarlıq etdilər FOTOLAR

Jurnalistlər Prezidentə minnətdarlıq etdilər FOTOLAR

Səbail Rayon İcra Hakimiyyətinin və YAP Səbail Rayon təşkilatının təşəbbüsü ilə Milli Mətbuat günü ilə bağlı qəzet və elektron informasiya vasitələrinin bir qrup nümayəndəsi ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ölkədə Milli Mətbuatın tarixi, jurnalisttikanın problemləri və inkişafı barədə danışıb.

Qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan iqtisadi inkişaf və əmin-amanlığa görə Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Onun böyük və müdrik siyasəti nəticəsində dünyada baş verən iqtisadi-siyasi böhranlara baxmayaraq Azərbaycanda stabillik qorunub. Bu gün ölkədə sabitliyin, əmin-amanlığın, tərəqqinin təmin olunmasında ulu öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin böyük rolu var. Azərbaycan dünyanın ictimai-siyasi sistemində öz yerini tutub, hərtərəfli inkişaf edir, dünyada analoqu olmayan iqtisadi göstəricilərə nail olub.

Tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd ediblər ki, hazırda kütləvi informasiya vasitələri nümayəndələrinin qarşısında duran ən mühüm vəzifələr birmənalı olaraq Azərbaycanın bugünkü nailiyyətlərini, Prezident İlham Əliyevin böyük dövlət xadimi kimi yeritdiyi siyasəti, gördüyü işləri təbliğ etmək, Ulu öndər Heydər Əliyevin irsini gənc nəslə çatdırmaq, ölkə iqtisadiyyatı, siyasəti və digər sahələr üzrə analitik materialları oxuculara çatdırmaq olmalıdır.

Görüşdə çıxış edən jurnalistlər ölkədə mətbuat işçilərinə yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə