Prezidentin hər bir qərarı Azərbaycanın inkişafının sürətlənməsinə yönəlib
Növbəti Referendumun keçirilməsi ideyası ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addımdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Məhz bu amili təhlil edərkən bir çox faktorlar öz təsdiqini tapmaqdadır. İlk olaraq belə qənaətə gəlmək olar ki, bu Sərəncamda əsas məqsəd vitse-prezident institutunun yaradılmasıdır. Bundan başqa struktur islahatlarının həyata keçirilməsinə başlanılacaq. Bu baxımdan, vurğulamaq yerinə düşər ki, Cənab Prezident bu islahatlarla bağlı vaxtında addım atıb. Belə ki, Azərbaycanda vitse-prezident institutunun yaradılmasına həqiqətən də ehtiyac var. Bu institutların yaradılması daha çox konkret məsələlərlə məşğul olmaq, həm xaricdə, həm daxildə Azərbaycanın maraqlarının müdafiə etmək və s. referendum aktında öz əksini tapacaq. Hesab edirəm ki, bu, müsbət addımlardır.
Əlbəttə ki, burada əsas amillərdən biri də ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi qərardır. Düzdür, Azərbaycan inkişaf və tərəqqi yolunu inamla davam etdirir. Lakin bu istiqamətdə atılan addımlar daha da sürətlənməli, ən nümunəvi ölkə kimi dünya dövlətlərinə örnək olmalıdır. Biz bunu daha öncə aparılan ciddi, uğurlu, mütərəqqi islahatlar proqramlarında da gördük, şahidi olduq. Məhz bu amili də nəzərdən keçirərkən görürük ki, dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktiki nəticələridir. Əgər ardıcıl islahatlar həyata keçirilıməsəydi, Ulu Öndər Heydər Əliyevin tarixi kursu reallaşdırılmamış qalsaydı Azərbaycan heç vaxt belə bir məntiqi nailiyyətlərə sahib ola bilməzdi. Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev məhz bu faktorları əsas götürərək, davamlı tərəqqi, islahat yolunu əsas prioritet kimi nəzərdə tutub. Referendum qərarı da bu məqamları ehtiva etməkdədir.
Beləliklə, deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları səciyyələndirir.
Daha bir nüans bu istiqamətdə strateji kursun mahiyyəti faktorudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Ancaq bu təminat daha da təkmilləşdiriləcək. Hələ indiki dövrdə belə, yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına da xüsusi töhfələr verib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli təkan olub.
Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç bir subyektdən asılı olmadığını da təsdiq edir.
Artıq bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Dövlətimizin başçısı İlham Əliyev daim öz çıxış və nitqlərində bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Ona görə də də referendum layihəsi də bu sıralamada əsaslıq təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin son illərdə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq qurumların, dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir. Qarşıda isə Azərbaycan dövlətini və xalqını növbəti uğurlar və irəliləyişlər gözləyir. Biz bunu referendumdan sonrakı müddətdə daha bariz şəkildə görə biləcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB