Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı “Gazelli Group”

Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı “Gazelli Group”

Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf etməkdə davam edir. Müxtəlif sahələrdə olan inkişaf bütün dünyanın diqqətini cəlb edib. Bunun üçün isə Azərbaycanda sahibkarlığa yaradılan şərait mühim rol oynayır. Ölkəmizdə dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış yüksək şəraitdən uğurla istifadə edərək dünya bazarında xüsusi yer qazanan şirkətlərdən biri də "Gazelli Group"dur. Sözügedən şirkət Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısıdır.

Ölkə ictimaiyyətinin şirkətlə yaxından tanış olması üçün "Gazelli Group"un fabrikinə press-tur təşkil olunub. Çox sayda media nümayəndələrinin qatıldığı turdan öncə şirkətin iclas zalında "Gazelli Group"un İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Yelena Eyvazlı jurnalistləri salamlayaraq, onlara qurum haqqında ətraflı məlumat verib. Departament rəhbəri bildirib ki, 1999-cu ildə yaradılmış şirkətin məhz bu sahədə fəaliyyət göstərməsi heç də təsadüfi deyil: "Nəzərə alsaq ki, ölkəmizin təbiəti çox zəngindir və burada 11 iqlim qurşağından 9- u yerləşir, bu imkanlardan istifadə etməmək günah sayılar. Ona görə məhsullarımızın yaradılmasında təbiətin bəxş etdiyi nemətlərdən istifadə olunması qərara alınıb. Məhz bu səbəbdən "Gazelli Group" bu gün bütün məhsullarının təbiiliyi ilə bağlı zəmanət verə bilir".

Y.Eyvazlı qeyd edib ki, məhsullar hazırlanarkən meyvə və tərəvəzlərdən ekstraktlar çəkilir: "Bu zaman nar, heyva, tərxun, reyhan, xurma, əncir kimi meyvə və tərəvəzlərdən istifadə edilir. Bununla yanaşı, elə məhsullarımız var ki, tərkibində xına, kürü, hətta naftalan yağları və vulkan palçığı da var. Fabrikdə ümumillikdə 100-dən çox inqridientdən istifadə olunur. Məhz Azərbaycan təbiətinin nemətlərinin məhsullarımızın tərkibinə daxil edilməsi, onları xüsusilə fərqli və özünəməxsus edir".

İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri vurğulayıb ki, "Gazelli Group" Dünya Standartlarına Uyğun GMP sertifikatı alan nadir şirkətlərdəndir: "Hər bir məhsulumuz Avropa keyfiyyəti sertifikatı alıb, eyni zamanda onlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Halallıq sertifikatı da verilib".

"Gazelli Group"un təmsilçisi Nigar Ramazanova qeyd edib ki, istehsal olunan məhsullar Azərbaycan bazarına çıxarılmaqla yanaşı, digər ölkələrə də ixrac edilir: "Məhsullarımız artıq İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Gürcüstan bazarlarına çıxarılıb. Bir neçə Avropa ölkəsi ilə isə danışıqlar aparılır. Təcrübə göstərir ki, məhsullarımıza xarici ölkələrdə böyük tələbat var. Orada yaşayan həmyerlilərimiz isə Azərbaycan məhsullarına rast gələrkən qürur hissi keçirirlər. Vurğulamaq lazımdır ki, konsepsiyamız "Made in Azerbaijan"dır. Biz bununla fəxr edirik".

Fabrikdəki iş və şəritlə tanış olan jurnalistlərə şirkətin Elmi-Sınaq Departamentinin müdiri Leyla Dadaşova məlumat verib ki, "Gazelli Group"un müasir avadanlıqlarla təchiz olunmuş Elmi-Tədqiqat laboratoriyası uğurla fəaliyyət göstərir. O qeyd edib ki, rəhbəri olduğu departamentə 2 şöbə və 1 laborotoriya daxildir: "Departamentimizdə Elmi araşdırma və inkişaf, Mikrobioloji şöbələr və Keyfiyyətə nəzarət laborotoriyası fəaliyyət göstərir. Bütün xammallar fabrikə daxil olan kimi laborotoriyadan keçirilir. İstehsalçıdan xammalın analiz və təhlükəsizlik sertifikatını tələb edirik, yenidən analizlər aparırıq. Sertifikasiyadan keçməmiş məhsul kənarlaşdırılır".

Media nümayəndələrinə məlumat verilib ki, 12.000 kv.m sahəyə malik olan fabrik ekoloji təmiz zonada yerləşir. "Ətraf mühitə qayğı ilə yanaşmaq" prinsipinə əsaslanaraq, fabrik inşa olunarkən ərazidəki ağaclar qorunub saxlanılıb. Hazırda bu ağaclar binanın içərisindən keçir.

Vurğulanıb ki, "Gazelli Group" əməkdaşlarının rahatlığını da daim düşünür. Burada personal üçün bütün şərait yaradılıb, onlar gündəlik tələbatları və nahar yeməyi ilə təmin olunurlar. 250 nəfərdən çox əməkdaşı olan kollektivdə əlillər, qaçqın və məcburi köçkünlər, himayəsində əlil uşaqlar olanlar, o cümlədən də 3 uşaq evini yenicə tərk etmiş şəxslər də var. Bu isə, şirkətin sosial layihələrə önəm verdiyinin göstəricisidir.

Qeyd edək ki, şirkətin yüksək standartlara cavab verən məhsullarının qiymətləri də istehlakçılar üçün sərfəlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə