Səfirimiz Kuveyt Parlamentinin sədri ilə görüşüb

Səfirimiz Kuveyt Parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Elxan Qəhrəman Küveyt Dövləti Parlamentinin sədri Mərzuq Əl-Ğanim ilə nəzakət görüşü keçirib. Azərbaycanın Küveytdəki səfirliyindən SİA-ya verilən məlumata görə, ilk öncə səfir E.Qəhrəman səmimi qəbula görə Parlament sədrinə dərin təşəkkürünü bildirib, diplomatik fəaliyyəti barədə məlumat verərək, Küveytdən öncə Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli səfir kimi fəaliyyət göstərdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin fevral ayından isə bu ölkədə diplomatik missiyaya başladığını diqqətə çatdırıb. Küveytdə diplomatik fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi sahələrlə yanaşı parlamentlərarası əlaqələrin də yüksək səviyyədə inkişaf etdirilməsi məqsədilə var gücü ilə çalışacağını vurğulayıb.

Küveyt Dövləti Parlamentinin sədri Mərzuq Əl-Ğanim səfir E.Qəhrəmanı ölkəsinə təyinatı münasibətilə təbrik edib, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb, Küveytə dost və qardaş olan Azərbaycan ilə ölkəsinin bütün istiqamətlərdə əlaqələrin inkişafına önəm verdiyini bildirib.

Səfir E.Qəhrəman iki ölkə arasında əlaqələrin tarixindən bəhs edərək, Sovet İttifaqının süqutundan sonra Küveyt Dövlətinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu, müstəqilliyin ilk illərində Respublikamızın qarşılaşdığı problemlərdən, xüsusən də Ermənistanın ölkəmizə ərazi iddiaları ilə bağlı təcavüzü səbəbindən meydana gələn problemlərin həllində istər Azərbaycana göstərilən humanitar yardıma, istərsə də beynəlxalq təşkilatlarda dəstəyə görə təşəkkürünü bildirib.

Göstərilənlərlə yanaşı, səfir E.Qəhrəman söhbət zamanı M.Əl-Ğanimə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını çatdırıb, iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsindən söz açmış, bunun sürətləndirilməsi üçün hər iki ölkənin Parlament sədrlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb, həmkarının ölkəmizə səfəri ilə bağlı dəvətinin qüvvədə qaldığını qeyd edib və onu təkrarən Respublikamıza dəvət edib.

Parlament Sədri M.Əl-Ğanim onun da salamlarının həmkarı O.Əsədova çatdırılmasını xahiş edib, təkrar dəvətə görə təşəkkürünü bildirərək, qısa zaman ərzində Respublikamıza səfərinin reallaşacağını, bu məqsədlə müvafiq tədbirlərin həyata keçirilməsi üçün göstəriş verəcəyini bildirib və səfərin təfərrüatları barədə ən yaxın vaxtda Səfirliyimizin məlumatlandırılacağını qeyd edib.

Səfir E.Qəhrəman sonda səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Küveyt Dövləti Parlamentinin Sədri Mərzuq Əl-Ğanuimə bir daha təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə