Mətbuat günü Nəsimi rayonunda qeyd edildi

Mətbuat günü Nəsimi rayonunda qeyd edildi

Bu gün Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul-Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, media kapitanları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən rayon icra başçısı Asif Əsgərov bildirib ki, 141 il əvvəl böyük maarifpərvər Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımız çətin və şərəfli yol keçmiş, milli-mənəvi dəyərlərimizin qorunmasında, xalqımızın dünyagörüşünün formalaşmasında önəmli rol oynamış və mütərəqqi ideyaların carçısına çevrilib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın milli mətbuat tarixində yeni və parlaq səhifə açılıb: "Bu dövrdə söz və mətbuat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin fərmanı ilə senzuranın ləğv edilməsi isə ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin təşəkkül tapmasında mühüm əhəmiyyət kəsb edib. O, qeyd etdi ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir".

Daha sonra çıxış edən V.Səfərli söyləyib ki, Milli Mətbuat uzun yol keçib: "Bu gün mətbuatımız inkişaf edir. Xüsusilə də Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndərin hakimiyətə gəlişi ilə bu istiqamətdə mühüm işlər görülüb. Onlardan biri Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılmasıdır ki, hazırda 34 media orqanı bu qurum vasitəsilə maliyyə yardımı ilə təmin edilir. Bundan əlavə, Fond tərəfindən bir çox işlər görülür. Milli Mətbuat günü ərəfəsində də görülən işlər davam etdirilir. KİVDF mətbuat günü ilə əlaqədar yazı müsabiqəsi keçirib. Müsabiqəyə 160 yazı daxil olub ki, onlardan 114 -ü qalib olub. Fərqlənənlər 22 iyul- Milli Mətbuat günündə mükafatlandırılacaq".

Çıxış edən M.Ş sədri, millət vəkili Əflatun Amaşov söyləyib ki, mətbuat xalqın həyatında böyük rola malikdir.

O qeyd edib ki, MDB ölkələri arasında ilk dəfə mətbuat üzərində senzura Azərbaycanda götürülüb.

"Yeni Azərbaycan" qəzetini baş redaktoru, millət vəkili Hikmət Babaoğlu mətbuatın inkişaf tarixindən danışıb və jurnalistləri peşə bayramı münasibətilə təbrik edib.

Daha sonra söz alan Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, hazırda Azərbaycanda dövlət və mətbuat arasında sağlam münasibət var:"Bu sağlam münasibətin kökündə dövlət qayğısı dayanır ki, bunun da əsası Ulu Öndər tərəfindən qoyulub. Mətbuatın bayramı bütün Azərbaycanın bayramıdır. Çünki elə bir ailə yoxdur ki, orada televiziyaya baxılmasın, qəzet oxunmasın və internet mediadan istifadə edilməsin. Bu baxımdan bütün media işçilərini bu gün münasibətilə təbrik edirəm".

"Iki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də öz növbəsində ölkəmizdə mətbuata olan diqqət qayğıdan söz açıb.

Tədbirin sonunda bir qrup jurnalist mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə