"Odlar Yurdu" Gənclər İctimai Birliyinin 4 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
"Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edərək 4 illik fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. Qeyd edib ki, son dövrlərdə ölkəmizdə müşahidə olunan ictimai prosesləri, dövlətin gənclər siyasətinin əhəmiyyətini və bu siyasətin gənclərin inkişafı üçün yaratdığı real imkanları, gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirakını, həmçinin Gəncə şəhərinin 2012-ci ilin "Gənclər paytaxtı" seçilməsini nəzərə alaraq təsis edilmiş "Odlar Yurdu" Gənclər İctimai Birliyi 4 il ərzində 17 yerli layihə, ümumilikdə sayı 84 olan müxtəlif tədbirlər keçirib. Həmçinin, 10 ölkədə 16 beynəlxalq layihənin tərəfdaşı olaraq 45 gəncin iştirakını beynəlxalq layihələrdə təmin edən birlik, 2 böyük beynəlxalq layihəni ölkəmizdə 2016-ci ilin gənclər paytaxtı Gəncə şəhərində həyata keçirib. Ümumilikdə, 7000-dən artıq gənci, xüsusilə region gənclərini əhatə edən fəaliyyətin nəticəsi olaraq birlik "İlin QHT-si", "The First" Milli Mükafatı və Gənclər və İdman Nazirliyi tərəfindən uğurlu fəaliyyətinə görə təltif olunmuşdur.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinin, məhz Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin məntiqi davamı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsini verir. Belə ki, cəmiyyətdə yüksək intellektə malik olan, geniş dünyagörüşlü gənclər nəsli formalaşıb. Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına, gənclər üzrə təşkilatların formalaşmasına və inkişafına diqqət yetirilir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsidir ki, bu da onlara hərtərəfli diqqətin göstərilməsinin əyani sübutudur. Belə ki, müasir dünyamızda ölkəmizdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev və başqaları çıxış edərək, ölkədə həyata keçirilən gənclər siyasəti və bu siyasətin fonunda inkişaf edən gənclər təşkilatları, o cümlədən "Odlar Yurdu" GİB haqqında fikirlərini bildiriblər.
Tədbirdə birliyin fəaliyyətinə həsr olunmuş video-çarx, xarici olkələrdə fəaliyyət göstərən tərəfdaş gənclər təşkilatlarının rəhbrələrinin təbrik videoları nümayiş olunub.

Sonda "Odlar Yurdu" Gənclər İctimai Birliyinin fəaliyyətində göstərdikləri dəstəyə görə bəzi şəxslər təşəkkürnamələrlə təltif olunublar.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB