Ərdoğan Heydər Əliyevin çağırışını 22 il sonra təkrarladı ŞƏRH

Ərdoğan Heydər Əliyevin çağırışını 22 il sonra təkrarladı ŞƏRH

1923-cü ildən respublika elan olunan Türkiyədə 1950-ci ilə qədər yalnız bir partiya - Mustafa Kamal Atatürkun yaratdığı Cümhuriyyət Xalq Partiyası fəaliyyət göstərib. Qısacası ölkə və dövlət təkpartiyalı iqtidarla idarə olunub. Lakin ötən əsrin ortalarından sonra ölkənin siyasi həyatında yeniliklər baş verib və cümhuriyyət çoxpartiyalı dönəmə ayaq basıb. Yeni siyasi partiyalar yaranıb.

Cümhuriyyətin yaranmasında böyük xidmətləri olan Türkiyə Silahlı Qüvvələri isə hər zaman xalqın və dövlətin qarantı və xilaskarı rolunda çıxış edib. Lakin zaman-zaman ya ordu rəhbərliyi, ya da silahlı qüvvələrin tərkibindəki bəzi hərbi birləşmələr və yaxud bir qrup zabit tərəfindən dövlət çevrilişləri və yaxud buna cəhdlər edilib.

Qiyam qaldıran hərbiçilər daxili təhlükəsizliyin təhdid altında olduğunu iddia edərək, bir çox hallarda bəzi qanunların keçməsini maneə törədib, ya da tətbiq edib, bəzən də Türkiyə cümhuriyyəti hökumətlərini istefaya göndəriblər.

Türkiyə Silahlı Qüvvələri 1960 və 1980 illərində iki dəfə hakimiyyətə əl qoyub, 1971 və 1997 illərində isə hökuməti istefaya məcbur edib.

Nəhayət 2016-ci il 15 iyul axşam saatlarında yenidən bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd göstərilib. Bir müddət əvvəl vəzifədən kənarlaşdırılan Baş Qərargah ədliyyə müşaviri polkovnik Muharrem Köse tərəfindən dövlətə qarşı qiyam qaldırılır. Köse ilə yanaşı çevriliş planında pokovnik Mehmet Oğuz Akkuş, Erkan Ağır, Doğan Uysal da iştirak edirlər.

Lakin əvvəlki hərbi çevrilişlərdən fərqli olaraq, budəfəki cəhd nəticəsiz qaldı. Belə ki, təcili olaraq istirahət etdiyi Marmarisdən İstanbula gələn Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan mətbuat konfransı keçirərək, xalqı meydanlara səsləyərək, dövlətə, hökumətə dəstək olmağa çağırdı. Cümhurbaşqanının səsinə səs verən xalq isə meydanlara, küçələr axışaraq prezidentinə, hökumətinə sonuna qədər dəstəyini nümayiş etdirdi. Və prezidentin dediyi kimi "Türkiyə Silahlı Qüvvələrində olan xainlər üzə çıxdı. Hamısı bir-bir təmizləndi".

Tarixdə siyasi hadisələrdə, savaşlarda, hətta müharibədəki qələbələrdə, qazanılan uğurlarda bənzərlik və oxşarlıqlar həmişə olur.

Məsələn Azərbaycan da müstəqilliyinin ilk dönəmlərində eyni ssenari ilə üz-üzə qalıb. Belə ki, 1995-ci il martın 16-dan 17-ə keçən gecə paytaxtda Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi altında "OMONçular" dövlət çevrilişinə cəhd etdilər. Həmin dövrdə ölkə prezidenti olan ümummilli lider Heydər Əliyev televiziya vasitəsi ilə xalqa müraciət edərək, insanları meydanlara çağırdı və qısa müddətdə paytaxtda, eləcə də bölgələrdə milyonlarla insan meydanla toplaşaraq prezidentinə, dövlətinə sədaqət, dəstək nümayiş etdirdi. Çevriliş cəhdini edənlər isə layiqli cəzalarını aldırlar.

Bəli, bu gün Türkiyədə demək olar ki, oxşar tarixi hadisə, eyni ssenari üzrə 22 il sonra təkrarlandı. Lakin xalq dəstəklədiyi liderinə bu dəfə də sadiqlik göstərdi. Türkiyə prezidenti Rəcəb Tatyyib Ərdoğan da Ulu Öndər kimi onu layiq bilib bu məqama yüksəldən xalq üz tutdu. Və nəticə ortadadır. Xalq həmişə öz öndərinə, liderinə sadiqdir. Çünki el gözü tərəzidir. Bu tərəzidə kimin hansı çəkidə olduğunu Xalq daha yaxşı dərk edir.

Bütün xəbərlər Facebook səhifəmizdə