Bu gün İçərişəhər Cümə məscidində məscidin axundu Hacı Surxay Məmmədlinin imam camaatlığı ilə cümə namazı qılınıb. SİA xəbər verir ki, cümə namazına İraqın Azərbaycandakı səfiri Fadel əl Şüveyli və ölkəmizdə səfərdə olan iraqlı parlamentarilər də qatılıblar. Məscid rəhbərliyindən bildirilib ki, məqsəd bir neçə gün öncə Bağdadda İŞİD terrorçuları tərəfindən törədilən və çoxsaylı insan itkisi ilə nəticələnən hadisəni anmaq və həyatlarını itirmiş insanların ruhuna dualar oxumaq, ehsan verməkdir.
Namazdan öncə İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fadel əl Şüveyli çıxış edərək bildirib ki, İraq xalqı hər zaman öz çətin anlarında dost Azərbaycanı yanında görüb. Xüsusilə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə həmin hadisədən sonra terroru pisləyən açıqlaması ilə bir daha sübut etdi ki, terror bütün dünyada lənətlənməlidir: "Bu gün İraqda İŞİD terror qruplaşmasına qarşı ciddi mübarizə aparılır və son zamanlar onların işğal etdikləri torpaqların böyük əksəriyyəti İraq əsgərlərinin göstərdikləri böyük şücaətlər nəticəsində azad olunub. Artıq, əsgərlərimiz Mosulun qapılarında dayanıblar. Bu şəhərin terrorçu ünsürlərdən azad olunması an məsələsinə çevrilib. Mən bir daha QMİ-nin rəhbəri möhtərəm Şüyxülislam Allahşükür Paşazadəyə, eləcə də Cümə məscidinin axundu Hacı Surxay Məmmədliyə, o cümlədən Azərbaycan xalqına bizim dərdimizi bölüşdüklərinə görə, şərik olduqlarına görə dərin minnətdarlığımı bildirirəm".
Cümə namazının xütbəsində fikir bildirən Hacı Surxay Məmmədli də öz növbəsində terrorun bəşər övladı üçün qara yara olduğunu bildirib. Axund vurğulayıb ki, bu gün Azərbaycan müsəlman ölkələri içində ən inkişaf edən dövlətlərdən birinə çevrilib. Bu baxımdan, bir çox radikal dini terror təşkilatları bu inkişafın qarşısını almaq məqsədilə müxtəlif cəhdlər göstərirlər. Qərbdə elə institutlar mövcuddur ki, onlar bilavasitə Azərbaycan kimi inkişaf edən, beynəlxalq aləmdə sözünü deməyi bacaran ölkələrə qarşı çirkin planlar qururlar. Lakin dövlətimizin gücü və qüdrəti belə ünsürlərin qarşısını daim alıb, bundan sonra da alacaq: "Bir sıra arzuolunmaz qüvvələr tolerant Azərbaycanda məzhəblərarası münaqişələr yaratmağa çalışırlar. Amma unudurlar ki, İslamda ümumiyyətlə, məzhəbləri bölən fəlsəfə yoxdur, bu, fitnədir və onu İslam düşmənləri ortaya atıb. Təəssüf ki, biz tez-tez həmin fitnəkarların törətdikləri qanlı əməllərin şahidi olur, günahsız insanların həlak olduqlarını görürük".
Surxay Məmmədli bir daha Cümə məscidinin icması adından məscidi ziyarət edən İraq səfirliyinə, eləcə də parlamentarilərinə başsağlığı verərək, Bağdaddakı hadisədən üzüldüklərini, bir daha bu cür hadisələrin yaşanmaması üçün dua edəcəklərini bildirdi.
Sonda cümə namazı qılındı və Bağdadda baş verən terror hadisəsinin qurbanlarının ruhlarına ehsan süfrəsi verildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB