ƏƏSMN-da əməkdaşlıq imkanları müzakirə olunub FOTO

ƏƏSMN-da əməkdaşlıq imkanları müzakirə olunub FOTO

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kənd təsərrüfatı sahələri üzrə layihələr icra edən "Aqro-Biznes" MMC-nin (İsrail) nümayəndələri ilə görüş keçirilib. Görüşdə məqsəd "Aqro-Biznes" MMC-nin təşəbbüsünə əsasən əlilliyi şəxslərin şirkətin ölkəmizdə həyata keçirdiyi aqrar layihələrin icrası işlərində məşğullluğunun təminatı ilə bağlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi olub.

ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev respublikamızda əlillərlə bağlı mühüm sosial proqramların icra edildiyini, bu təbəqədən olan insanların sosial reabilitasiyasına şərait yaradılması üçün məqsədyönlü işlərin görüldüyünü bildirib. Ə.Cəbiyev əlillərin cəmiyyətə inteqrasiyasında əsas amillərdən birinin də onların potensial imkanlarına uyğun şəkildə məşğulluğunun təminatı olduğunu qeyd edib. O, nazirlik tərəfindən inkluziv əmək bazarının inkişafı, əlillərin əmək bazarına çıxış imkanlarının artırılması, onlar üçün həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verib. Aparat rəhbəri "Aqro-Biznes" MMC tərəfindən ölkəmizdə icra olunan aqraryönlü layihələrin icrasında əlilliyi olan şəxslərin də işlə təminatı ilə bağlı şirkət tərəfindən irəli sürülən təşəbbüsün təqdirəlayiq olduğunu, əlilliyi olan şəxslərin məşğulluğunun təminatına yönələn hər bir işdə nazirlik tərəfindən müvafiq dəstəyin verilə biləcəyini bildirib.

"Aqro-Biznes" MMC-nin nümayəndəsi Emad Rızkalla təmsil etdiyi qurumun kənd təsərrüfatı üzrə layihələrindən birinin də müasir istixana komplekslərinin quraşdırılması olduğunu qeyd edib. O bildirib ki, bu işlərdə avtomatlaşdırılmış mexanizmlərdən istifadə edilməsi həmin işlərin əlillər tərəfindən yerinə yetirilməsinə imkan verir. İlkin mərhələdə isə əliliyi olan şəxslərə müvafiq təlimlərin keçilməsi nəzərdə tutulur.

Görüşdə iştirak edən Əlil Sahibkarlar Təşkilatı İçtimai Birliyinin sədri Mirzə Məmmədvəliyev də öz fikir və təkliflərini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə