Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib

Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən, Zakir Hadı oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib. Bu barədə SİA-ya Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Z.Babayev 1951-ci ildə anadan olub. O, 1974-cü ildə indiki Azərbaycan Neft Akademiyasının Mühəndis-iqtisad fakültəsini iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. Həmin ilin avqustundan 1986-cı ilin yanvarınadək SSRİ Kimya və Neft Maşınqayırma Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma institutunda mühəndis, böyük mühəndis, plan-istehsalat şöbəsinin müdiri, sonralar Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatında iqtisadi şöbənin böyük referenti, baş mütəxəssis vəzifələrində işləyib.

1993-cü il yanvarın 12-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

E.Babayev əlavə edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri vəzifələrinə təyin olunublar.

Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində işləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə