"Azərcell"in dələduzluq faktı ictimai rəydə narazılıq yaradır

Ölkə siyasiləri hüquq-mühafizə orqanlarından mobil operatora qarşı ciddi tədbirlər görülməsini istəyir
"Azərcell"in dələduzluq faktı ictimai rəydə narazılıq yaradır

Müasir dünyamızda internetin, mobil rabitənin həyatımıza təsiri kifayət qədər böyükdür. Daha doğrusu, insan həyatını internetsiz, mobil rabitəsiz təsəvvür etmək ümumiyyətlə, qeyri-mümkündür. Qloballaşan dünyanın ayrılmaz hissəsi olan Azərbaycanda qeyri-neft sektorunun əsas hissəsini internet və mobil rabitə təşkil edir desək səhv etmərik. Çünki yalnız "Azərcell"in MMC-nin illik maliyyə dövriyyəsi 3 milyard manata yaxındır. Bu isə o deməkdir ki, ölkəmizdə yaradılan yüksək biznes mühiti hər kəsə normal sahibkarlıq fəaliyyəti göstərməyə imkanlar yaradıb. Amma gəlin razılaşaq ki, bu imkanlardan sui-istifadə hallarına yol verilməsi faktları da mövcuddur. Yəni bir tərəfdən mobil rabitəyə olan ehtiyacdan və ondan yaranan dövlətin yüksək səviyyəli şəraitindən sui-istifadə edilməsi halları baş verir ki, bundan da nəticədə zərərçəkən yalnız insanlar olur. Araşdırmalarımıza, redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarına və telefon zənglərinə əsasən demək olar ki, "Azərcell"də insanların hüquqlarının pozulmasının halları kütləvi xarakter daşıyır. Şirkətin açıqladığı məlumatlara görə, "Azərcell" MMC-nin abunəçilərinin sayı 6 milyon nəfər olsa da, qeyri-qanuni fəaliyyət, zorən insanların cibinə girərək, mədəni oğurluq etməsi səbəbindən onların sayı azalmaqdadır.

"Azərcell" MMC-nin abunəçilərinin sayı kütləvi şəkildə azalır

TeliaSonera şirkətlər qrupunun bir hissəsi olan "Azərcell" 17 ölkədə fəaliyyət göstərir və bir neçə il əvvəl abunəçilərinin sayı 300 milyon nəfər təşkil edib. 2015-ci ilin statistikasına görə isə şirkətin abunəçilərinin sayı 170 milyona enib. Azərbaycanda da 2012-ci ildə ümumi istifadəçilərin sayı 7 milyon 800 min abunəçi təşkil edirdisə, bu gün artıq onların sayı 3 milyon 650 minə çatıb. Təbii ki, bunun başlıca səbəbi qüsurlu xidmət, abunəçilərə qarşı dələduzluq faktlarıdır.

Araşdırmalar zamanı məlum olur ki, dünyanın heç bir yerində 1 dəqiqəsi 7 qəpiyə danışıq tarifi yoxdur. Eləcə də, 1 operatordan digər operatolru çıxış üçün 1 dəqiqəsi 14 qəpik ödəniş faktı mövcud deyil. Amma Azərbaycanda "Azərcell" belə bir tariflər müəyyənləşdirərək həyata keçirir. Bunun isə bir adı var: mədəni oğurluq və fırıldaq. Qanunvericiliyə görə, oğurluq halı, eləcə də, başqasına maddi-mənəvi zərər vurmaq cinayət məsuliyyəti yaradır. Bu baxımdan demək olar ki, "Azərcell" açıq şəkildə abunəçilərin cibinə girib oğurluq etməklə cinayət törətmiş olur ki, buna görə də, Azərbaycan hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir. Bir qədər əvvəl şirkət bezdirici sms-lərin qarşısının alınacağını bəyan etmişdir. Qeyd olunmuşdur ki, abunəçi 9005 nömrəsinə "stop" və ya boş sms göndərməklə bunun qarşısını alacaq. Amma bu gün, hətta bu dəqiqəyə əsasən demək olar ki, şirkətin yaydığı məlumat özünü aldatmaqaqdan başqa bir şey deyil. Çünki hazrkı məqamda telefon abunəçilərinə təhrikedici, arzuolunmaz sms-lər gəlməkdədir. Şikayətçi, (050) 733-91-61 "Azərcell" MMC-nin abunəçisi Rövşən Rəsulov 7027-dən ona gələn sms-də dollarla kredit alınması barədə məsləhət xarakterli sms göndərirlər. Şikayətçi iddia edir ki, banklara olan borcunu ödəyə bilmədiyi bir məqamda arzu etmədiyi bu tip sms-in ona göndərilməsi əsəblərinə mənfi təsir edir.

Politoloq Cümşüd Nuriyev: "Azərbaycan Respublikasının Baş Prokurorluğu hüquqi addımlar atmalıdır"

Politoloq Cümşüd Nuriyev də o fikirdədir ki, "Azərcell"in vətəndaşları aldatmasına görə, Rabitə və Texnologiyalar Nazirliyi, eləcə də, Azərbaycan Respublikasının Baş Prokurorluğu hüquqi addımlar atmalıdır: "Azərbaycan qanunvericiliyinə görə, sənin razılığın olmadan telefona mesaj və ya reklam xarakterli məlumat göndərilə bilməz. Amma "Azərcell" özbaşınalıq etməklə bu qanunlara əməl etmək istəmir. Mənim, sənin və ya digərlərinin nəyinə lazımdır ki, hansısa şou əhlinin, estrada müğənnisinin şəxsi həyatı ilə bağlı telefonuma şəkil və ya məlumat gəlsin".

C.Nuriyev mobil rabitənin tariflərinin həddindən artıq baha olmasını da qeyd etdi. Bildirdi ki, bahalı tariflər insanların maddi problemlərlə üz-üzə qoymasına xidmət edir: "Azərcell" rəhbərliyi iddia edir ki, onların 10 milyon abunəçisi var. Birincisi bu yalandır. İkincisi isə bu yalnız inhisarçılıq deməkdir. Azərbaycan qanunvericiliyində anti-inhisarçılıq haqqında qanun var. Məhz bu qanunlara əsasən "Azərcell" cəzalanırılmalıdır".

Yeri gəlmişkən, onu da vurğulamaq yerinə düşər ki, "Azərcell"in mobil rabitə bazarında inhisarçılığa yol verilməsi barədə dəfələrlə digər operator təmsilçiləri öz etirazlarını bildiriblər. Bir qədər əvvəl "Bakcell" şirkətinin baş icraçı direktoru Ricard Şirrer bildirib ki, "Azərcell" mobil nömrələrin daşınması xidmətinin fəaliyyətinə müəyyən maneəçiliklər göstərməyə cəhdlər göstərib: "İndiki qaydalar imkan verir ki, abunəçi bir mobil şəbəkədən digər şəbəkəyə keçsin. "Azərcell" şirkəti öz nömrələrini digər mobil operatorun şəbəkəsinə daşınmasını bloklayırdı. Yəni mobil operatorun müştərilərinin çoxu digər operatorun şəbəkəsinə keçmək istəyirdi. Amma bu şirkət buna imkan vermirdi. Amma artıq qüvvəyə minən yeni qaydalar abunəçilərə daha rahat şəkildə nömrələrini digər mobil operatorun şəbəkəsinə keçməyə imkanlar verəcək".

Çox maraqlıdır ki, "Azərcell" şirkətinin qeyri-qanuni fəaliyyətinə qarşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi heç bir təsirli tədbir görmür. Deyilən və ya açıqlanan məlumatlar yalnız quru sözlərdən ibarət olur. Məsələn, bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədov mətbuata açıqlamasında bildirmişdir ki, nazirlik mobil oreratorların vətəndaşları aldatdığını üzə çıxarıb: "Araşdırmalar zamanı gördük ki, mobil operatorlar vətəndaşlarımızı aldadırlar".

Hafiz Hacıyev: "Azərcell" "Azərbaycan saatı"nı maliyələşdirir və Cəmil Həsənlinin səfərlərinə maliyyə ayırır"

Yuxarıda qeyd etdiyimiz kimi, "Azərcell" şirkəti inhisarçılıq rolunu oynamaqla birbaşa abunəçilərin cibinə girir. Təbii ki, buna görə şirkət milyonlarla çirkli pullar qazanmış olur. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə, "Azərcell" oğurluq yolu ilə əldə etdiyi maliyyə vəsaitinin müəyyən hissəsini xaricdəki anti-Azərbaycan mövqeli qüvvələrin maraqlarının təmin edilməsinə xərcləyir: "Məndə olan dəqiq məlumata görə, "Azərcell" Azərbaycana qarşı şər-böhtan səsləndirməklə Əli Kərimlinin sifarişlərini yerinə yetirən "Azərbaycan saatı"nı maliyyələşdirir. Şirkət həm də, "Milli Şura"nın sədri Cəmil Həsənlinin xaricə səfərlərinə maliyyə yardımları göstərir. Yaxın vaxtlarda bununla bağlı müvafiq sənədləri Azərbaycan hüquq-mühafizə orqanlarına, eləcə də, mətbuata təqdim edəcəyəm".

H.Hacıyev "Azərcell" tərəfindən üzləşdiyi oğurluq faktı ilə bağlı da fikirlərini söylədi: "Bir dəfə xarici ölkədə idim. Telefonuma 100 manat pul yüklədim. 10 dəqəqə danışdıqdan sonra telefonumdakı vəsait bitdi. Təəccüblənsəm də bir iş görə bilmədim. Azərbaycana gəldikdən sonra bu barədə şirkətə etirazımı bildirmək, məhkəməyə müraciət etmək istədim. Amma sonradan "it aparan olsun" deyib fikrimdən daşındım".

H.Hacıyevin sözlərinə görə, qanunazidd əməlləri ilə bağlı, "Azərcell"MMC-nin rəhbərliyi ilə görüşəndə onların nəzərinə çatdırıb, şirkət rəhbərliyini belə əxlaqsızlıqdan, biabarçı əməllərdən çəkinməyə çağırmışam. "Şirkət rəhbərliyi bildirib ki, bəli, bizdə belə maxinasiyalarla məşğul olan əməkdaşlar olub. Həqiqətən də insanların ciblərinə giriblər. Belə şəxslər işdən azad olunublar".

"Azərcell" şirkətinin reklam qaydalarına zidd fəaliyyət yolu tutması da maraqlı və diqqətçəkən məsələlərdən sayılır. Belə ki, şirkət müxtəlif televiziyalarda cəmi bir sms-ə 1000 manat pul, televizor, müxtəlif xarici avtomobillərin abunəçilərin udmasını nəzərə çatdımağa çalışır. Amma bu reklama həvəslənən kasıb təbəqə 5-10 dəqiqə ərzində 15-20 manatından məhrum olur. Həmin 15-20 manatlar ümumilikdə şirkətə milyonlarla manat vəsait qazandırmış olur. Həmin milyonlardan isə latareya oyunlarında abunəçilərə cəmi 2-3 faiz ayrılır. Azərbaycan qanunvericiliyinə, eləcə də, bəzi Avropa ölkələrinin təcrübsinə əsasən demək olar ki, elə lotoreya oyunlarından pul qazanılırsa, əldə olunan vəsaitin 50-60 faizi uduş fonduna qoyulmalıdır. "Azərcell"MMC isə digər qanunlara və əxlaqa zidd əməlləri kimi bu cür oyunlarda da yalnız birinci növbədə öz maraq və mənafelərini güdüb, abunəçiləri aldatmağa üstünlük verirlər. Təbii ki, vəziyyətdən çıxış yolu ancaq məhkəmədi. Lakin çox təəssüf ki, bu məsələdə də məhkəməyə müraciət etmək üçün hüquqi əsas yoxdur. Çünki "Azərcell" şirkəti tərtib etdiyi qarşılıqlı müqavilələrdə məhkəmə üçün hüquqi vəziyyətin yaradılmasına imkan verməyib. Qanunvericilikdə bu məsələdə boşluq olduğundan bütün məhkəmə çəkişmələrində "Azərcell" öz iddiasını təmin etməyə nail olub.

Sərdar Cəlaloğlu: "Azərcell"in fırıldaqları ilə bağlı geniş müsahibəm Avropa mətbuatında dərc olundu"

"Azərcell"lə məhkəmə çəkişməsində uduzanlardan biri də ADP sədri Sərdar Cəlaloğlu olub. ADP sədri bizimlə söhbətində "Azərcell"in fəaliyyətində şübhəli məqamlar oduğunu bildirdi. Qeyd etdi ki, "Azərcell"in vətəndaşları aldatmasından, tariflərin baha olmasından, qeyri-qanuni olaraq fəaliyyət göstərmələrindən və digər məsələlərlə bağlı məhkəməyə müraciət etmişdilər: "Məhkəmə geniş və əhatəli araşdırmalar aparsa da, qərar gözlənilən kimi olmadı. "Azərcell" vətəndaşları aldatmaqda davam edir. Norveçdən Azərbaycana jurnalistlər gəlmişdir. Onlar məndən "Azərcell"in fəaliyyəti ilə bağlı müsahibə götürdülər. Jurnalistlərin nəzərinə "Azərcell"in iqtisadi fırıldaqları, abunəçilərinin müxtəlif yalançı sms-lərlə aldatmasından faktlara istinad etməklə fikirlər çatdırdım. "Azərcell"in fırıldaqları ilə bağlı geniş müsahibəm Avropa mətbuatında dərc olundu".

Bir sözlə, "Azərcell"in qeyri-qanuni fəaliyyəti, abunəçilərinin açıq şəkildə aldatması ilə öz imicini ləkələməkdədir. Bununlada sürətlə abunəçilərini itirməkdədir. Araşdırmalar, həm də proseslər onu deməyə əsas verir ki, vəziyyət dəyişməsə "Azərcell"in bir mobil operatoru olaraq sıradan çıxması qaçılmazdır.

İ.ƏLİYEV

P.S. "Azərcell" Telekom MMC-nin prezidenti Vahid Mürsəliyevin ABŞ-ın Case Western Reserve Universitetinin Koorporativ İdarəetmə üzvə doktorluq dərəcəsini necə alıb?

"Azərcell"in keçmiş prezidenti Kirill Qaburiç hansı şərtlərlə postu Vahid Mürsəliyeva verib?

Vahid Mürsəliyevin tez-tez İraqın Mosul şəhərinə getməsi nədən irəli gəlir?

Şirkət bir ildə neçə milyon vergidən yayınır?

Bu sualların cavablarını mövzu ilə bağlı növbəti yazılarımızda öyrənəcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə