Çayların sululuğunda artım qeydə alınmayıb

Çayların sululuğunda artım qeydə alınmayıb

Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-70, Kiçik Qafqazın çaylarında 140-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-120 faizini təşkil edir.

İyulun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 125 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 169 m3/s olmaqla, ongünlük normanın 151 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 13 m3/s təşkil edərək ongünlük normanın 12 faizinə bərabər olub.

İyulun 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 7, Bankədə 10 sm artım, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2015-ci il iyulun 11-də 329 sm), Salyanda 100 sm (2015-ci il iyulun 11-də 80 sm), Bankədə 185 sm (2015-ci il iyulun 11-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2015-ci il iyulun 11-də 36 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə