11-14 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunacaq Azərbaycan Könüllülük Xidməti (AKX) Yay məktəbinə start verilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçiriləcək Yay məktəbində 60 gənc iştirak edir.
Yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədilə həyata keçirilir.
Avropa Gənclər Paytaxtı Gəncə şəhəri ev sahibliyi edəcəyi yay məktəbinin açılış mərasimindən sonra təlimçilər tərəfindən "Könüllülük nədir?" mövzusunda seminar keçiriləcək və gənclərin şəbəkələşməsi məqsədilə intelektual komanda quruculuğu oyunları təşkil olunacaq. Yay məktəbinin ikinci gününə "Avropada könüllülük: ən yaxşı təcrübələr", "Könüllülərin cəlb olunması və motivasiyası", "Könüllülərin idarə edilməsi" kimi mövzülarda keçiriləcək təlimlərlə yadda qalacaq. Günün davamında rəsmilərin iştirakı ilə "Azərbaycanda Könüllülük Hərəkatı: Təcrübə və Müasir Çağırışlar" mövzusunda panel sessiyası təşkil olunacaq, sözügedən mövzu üzrə müzakirələr aparılacaq. Daha sonra, gənclər "açıq mikrofon" müsabiqəsi ilə bir araya gələcəklər. Növbəti gün kiçik qruplarla iş ilə davam edəcək. Qrup işləri zamanı "Könüllülük sahəsində mövcud problemlər", "Könüllülük sahəsində problemlərin həlli yolları" və "Könüllülük sahəsində ən yaxşı yerli və beynəlxalq təcrübələr" mövzuları müzakirə olunacaq. Yay məktəbinin sonuncu günü Avropa Gənclər Paytaxtı olan "Gəncə 2016 Gənclər paytaxı" ilə tanışlıq olacaq. Həmçinin, yay məktəbinin sonunda iştirakçıların şəhadətnamə ilə təltifetmə mərasimi baş tutacaq.
Qeyd edək ki, AKX Yay məktəbində iştirak etmək üçün 400-ə yaxın gənc qeydiyyatdan keçib. Müraciət edən şəxslərdən 100 gənc müsahibə mərhələsinə dəvət olunub. Müsahibə mərhələsindən uğurla keçən 45 gənclər təşkilatlarını təmsil edən 60 gənc 4 gün davam edəcək yay məktəbində iştirak etmək hüququnu qazanıb.
Məlumat üçün qeyd edək ki, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyini dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlamışdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra etmiş, bu layihələrdən 200-ə yaxın gənc faydalanmışdır. AKX Proqramı Avropa Könüllük Xidməti Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərməkdədir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 Gənclər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir. Bunlardan əlavə 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gəncə Avropa Könüllülük Xidməti haqqında təlimlər ilə proqram öz işini davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB