Çaylarda mövcud vəziyyət

Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 20-40, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.

İyulun 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 143 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 193 m3/s olmaqla, ongünlük normanın 132 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 18 faizinə bərabər olub.

İyulun 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 2 sm azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 sm (2015-ci il iyulun 08-də 320 sm), Salyanda 82 sm (2015-ci il iyulun 08-də 85 sm), Bankədə 176 sm (2015-ci il iyulun 08-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2015-ci il iyulun 08-də 41 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə