Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması" mövzusunda layihə çərçivəsində "Ana dilimiz - milli varlığımız" adlı növbəti toplantı Beynəlxalq Mətbuat Mərkəzində baş tutub. SİA-nın məlumatına görə, tədbirin iştirakçıları universitetlərin tələbələri və gənc elmi işçilər olub.
Toplantını giriş sözü ilə açan Humanitar Araşdırmalar İctimai Birliyinin sədri, dosent Nurlanə Mustafayeva bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir. "Dövlət və ana dilimiz olan Azərbaycan dili özünün gözəlliyi, dolğunluğu və şirinliyi ilə seçilir. Azərbaycan dili zəngin, çətin və mürəkkəb bir tarixi yol qət etmişdir. 1978-ci ildə Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində sovet Azərbaycanının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusuna dair maddə daxil edilmişdir" deyə ictimai birliyin sədri bildirib.
Təlim-konfransda AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov uzun müddət imperiyaların əsarətində olduğumuz üçün zaman-zaman dil sevgisinin arxa plana keçdiyini, bu baxımdan milli-mənəvi dəyərlərimizin qorunmasında atılan hər bir addımın çox vacib olduğunu vurğulayıb. Ana dilimizin qorunmasında xüsusi xidmətləri olan Heydər Əliyevin bu yoldakı həyata keçirdiyi işləri xüsusilə qeyd etdi. Azərbaycan dilinin keçdiyi 50-60-cı illər, 1993-2003, 2003-cü ildən günümüzə qədər tarixi mərhələnin izahını verib, cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunub-saxlanılmasına dair imzaladığı sənədlərin əhəmiyyətini vurğulayıb.
Təlimçi eyni zamanda Dilçilik İnstitutunun Monitorinq Şöbəsinin hal-hazırda dil ilə bağlı olan layihələrindən bəhs edib.
Toplantının sonunda çoxsaylı suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB