Böyük Britaniya İraqa daxil olana qədər bu ölkədəki münaqişə sülh yolu ilə həllini tapa bilərdi. "RİA "Novosti"nin verdiyi xəbərə görə, bu barədə 2003-2009-cu illərdə Böyük Britaniyanın İraq kampaniyasında iştirakını araşdıran komissiyanın sədri Con Çilkot müvafiq hesabatı təqdim edərkən deyib.
"Biz belə qənaətə gəldik ki, hərbi müdaxilə olmamışdan öncə münaqişə sülh yolu ilə həllini tapa bilərdi", - deyə C. Çilkot qeyd edib.
Hesabatda deyilir ki, Böyük Britaniya qoşunu İraqa BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil olub: "Böyük Britaniya hökuməti İraqa hərbi müdaxilənin nəticələrini tam dərk etməyib".
C. Çilkot deyib ki, İraqda nüvə silahının yaradılması təhlükəsi yox idi. Buna səbəb rəsmi Bağdada qarşı yürüdülən sanksiyalar idi. "Nəticədə hərbi müdaxilə qeyri-dəqiq, təsdiqlənməyən məlumatlar əsasında baş verib. Britaniya hökuməti bildirir ki, ABŞ hərbi müdaxiləyə və ondan sonrakı dövrə zəif hazırlaşıb. Hərbçilər uğurlu kampaniyaya, yəni bir ay ərzində Bağdadın süqutu və Səddam Hüseynin ələ keçirilməsinə ümid edirdi. Lakin hərbi müdaxilə səhv addım idi və onun fəsadları indi də hiss olunur", - deyə o bildirib.
Həmin dövrdə baş nazir olan Toni Bler isə bildirib ki, İraqda buraxdığı səhvlərə görə, məsuliyyət daşımağa hazırdır. Bununla yanaşı, o bildirib ki, Səddam Hüseynin devrilməsi zəruri idi.
Xatırladaq ki, İraqda müharibə 2003-cü ilin yazında başlayıb. O zaman ölkəyə ABŞ və onun müttəfiqlərinin hərbi qüvvələri daxil oldu.
Bu arada qeyd edək ki, Londonda Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron əleyhinə mitinq keçirilir.
Etiraz aksiyası İraq müharibəsində Böyük Britaniyanın iştirakını araşdıran komissiyanın sədri Con Çilkotun hesabatından sonra başlayıb. Hesabatda deyilir ki, İraq münaqişəsinin sülh yolu həll oluna bilərdi. Bundan başqa, Britaniya hərbçiləri İraq ərazisinə BMT Təhlükəsizlik Şurasının razılığı olmadan daxil olub.
Hesabat açıqlanandan sonra etirazçılardan ibarət kütlə sabiq baş nazirin cəzalandırılmasını tələb edib. Aksiya iştirakçıları arasında İraqda həlak olan britaniyalı hərbçilərin yaxınları da var.
Hesabatın açıqlanmasından sonra Böyük Britaniyanın sabiq baş naziri Toni Bler isə 2003-cü ildə ölkəsinin İraqa soxulması ilə bağlı səhvlərə görə, bütün məsuliyyəti daşımağa hazır olduğunu bildirib.
"Mən heç bir bəhanə olmadan, istisnasız olaraq bütün səhvlərə görə, tam məsuliyyəti daşıyıram. İraqdakı əməliyyatda qurbanların olması ilə bağlı çox təəssüf etdiyimi və silahlı qüvvələrimizə dəstəyimi bildirirəm",-deyə T.Blerin bəyanatında qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB