Deputat Ramazan bayramı münasibətilə ictimaiyyətlə görüşüb

Deputat Ramazan bayramı münasibətilə ictimaiyyətlə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva müqəddəs Ramazan bayramı münasibətilə rayonun Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, böyük vətən müharibəsi veteranları, ağsaqqalları, fəalları və aztəminatlı ailələri ilə görüşüb.

İlk olaraq deputat Sədaqət Vəliyeva Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin qərargahının təmirdən sonra açılış mərasimində iştirak edib.

Sonra Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüşən Sədaqət Vəliyeva onları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Görüşdə çıxış edən Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədrinin I müavini Əlsafa Quliyev, İctimai Birliyin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və başqaları ölkəmizdə bu təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb, onlara dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıblar. Qeyd olunub ki, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması, onların reabilitasiyasının təşkili, minik avtomobilləri ilə təmin olunması diqqət mərkəzindədir.

***

Növbəti görüş Respublika Veteranlar Təşkilatının və Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbələrində keçirilib. Deputat Sədaqət Vəliyeva veterenları, ağsaqqalları və ağbirçəkləri, onların ailələrini bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Çıxış edən Yəhya Ağayev, Mail Əliyev və başqaları onlara göstərilən qayğının ilbəil artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.

***

Deputat Sədaqət Vəliyeva həmin gün rayonun ictimai həyatında aktiv rol oynayan sakinlərilə də görüşüb.

Görüşdə çıxış edən Sədaqət Vəliyeva sakinləri bayram münasibətilə təbrik edib və bildirib ki, Azərbaycan xalqı müqəddəs Ramazan ayının mənəvi üstünlüklərini əsrlər boyu yaşadıb, oruc tutmaq, iftar süfrəsi açmaq kimi yüksək dəyərlərə daim sədaqət göstərib.

"Ramazan bayramı ölkəmizdə böyük ruh yüksəkliyilə qeyd olunur" – deyə qeyd edən deputat vurğulayıb ki, bütün müsəlman aləminin səbirsizliklə gözlədiyi müqəddəs Ramazan ayında edilən ən böyük ibadətlərdən biri də oruc tutmaqdır. Oruc tutmaq fəzilətli bir əməl olduğu kimi, oruclu bir kimsəyə iftar vermək də onun qədər fəzilətlidir: "Eyni zamanda, biz kimsəsizləri və digər kateqoriyadan olan aztəminatlı ailələri də yaddan çıxarmırıq. Çalışırıq ki, rayonumuzun ərazisində yaşayan ailələr Ramazan bayramını xoş əhval-ruhiyyə və bol süfrəli keçirsin".

Sakinlər də Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

***

Keçirilən bütün görüşlərdə ümumilikdə 250-dən artıq aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə yardımlar da verilib.

Xatırladaq ki, rayon ərazisində Ramazan ayında oruc tutmuş hər bir sakinə daha yaxın olmaq, onları dinləmək və bayramlarını təbrik etmək üçün iftar süfrələri də açılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə