"Azərbaycan alman şirkətləri üçün cəlbedici investisiya imkanları yaradır" MÜSAHİBƏ

"Azərbaycan alman şirkətləri üçün cəlbedici investisiya imkanları yaradır" MÜSAHİBƏ

Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Almaniyanın "Wirtschaft TV" ("İqtisadiyyat TV") internet televiziyasına Azərbaycan iqtisadiyyatının cari vəziyyəti, ölkədə aparılan iqtisadi siyasət, Azərbaycanın Almaniya, eləcə də Avropa ilə iqtisadi münasibətləri barədə müsahibə verib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfərinin və səfər zamanı keçirilmiş Azərbaycan-Almaniya İqtisadi Forumunun iki ölkənin iqtisadi münasibətlərinə müsbət təsiri, ölkəmizdə aparılan islahatlar sayəsində investisiya mühitinin daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının diversifikasiyasının gücləndirilməsi, Cənub Qaz Dəhlizi layihəsinin icrası və digər məsələlər barədə məlumat verib.

SİA müsahibənin Azərbaycan dilinə tərcüməsini əlavə edir.

- Cənab Səfir, xahiş edirəm Azərbaycanın iqtisadiyyatının vəziyyəti barədə qısa məlumat verəsiniz.

- Son 20 ildə Azərbaycana 200 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur. Təbii ki ərazisi və əhalisinin sayına görə Avstriya böyüklüyündə olan bir ölkə üçün 200 milyard dollarlıq investisiya iqtisadiyyatın inkişafı üçün böyük töhfədir. Bu investisiyaların yarısı xaricdən gələn birbaşa investisiyalardır. Onun bir hissəsi neft və qaz sektoruna yatırılmışdır. Eyni zamanda qeyri-enerji sektoruna da çoxlu yatırımlar edilmişdir. Məqsədimiz neft və qaz ölkəsi kimi iqtisadiyyatımızı diversifikasiya etməkdən ibarətdir. Buna görə də biz keçmişdə bu imkanlardan istifadə edərək, enerji sektorundan əldə etdiyimiz gəlirləri qeyri-neft sektoruna yatırmışıq. Bir neçə il ərzində biz iqtisadiyyatı ən sürətli inkişaf edən ölkə idik – iqtisadiyyatın artımı 35%-ə qədər təşkil edirdi. Bu gün vəziyyət bir qədər başqadır. Buna baxmayaraq ölkəmizin potensialı böyükdür. Neftin qiyməti düşməsi - bu yaxınlaradək bu qiymət əvvəlkinin 1/3-ni təşkil edirdi - müəyyən müddət üçün iqtisadiyyatımıza mənfi təsir etdi. Lakin bu qısa müddət oldu. Dərhal başlanılan əsaslı islahatlar bizə daha böyük çətinliklərin qarşısını almağa kömək etdi. Ona görə də Azərbaycan neft hasil edən ölkələr arasında neftin düşmüş qiymətinə görə ən az ziyan görmüş ölkələrdən oldu. Digər tərəfdən bu vəziyyət bizə iqtisadiyyatımızın diversifikasiyasını dərinləşdirməyə və enerji sektorundan asılılığı daha da azaltmağa təkan verdi. Bir vaxtlar ÜDM-də enerji sektorunun payı 80% təşkil edirdi. Bu gün bu rəqəm cəmi 30%-dir. Bizim gəlirlərin təxminən yarısı artıq qeyri-neft sektorunun payına düşür.

- Bunlar hansı sahələrdir?

- Ənənəlvi olaraq Azərbaycan həm sənaye, həm də kənd təsərrüfatı ölkəsidir. Enerji sektorunu çıxmaq şərtilə ən vacib sahə kənd təsərrüfatıdır. İqlim şərtləri buna imkan verir. Təbii ki kənd-təsərrüfatına da investisiyalar lazımdır. Bunun üçün çoxlu imkanlarımız var. Enerji sektorundan gələn gəlirlər kənd təsərrüfatına yatırılırdı və yatırılır. Yəni kənd təsərrüfatı birinci yerdədir. İnformasiya texnologiyaları və turizm sahələri də inkişaf etdirilir. Neft kimyası enerji sektoru ilə əlaqəli sahə olsa da, amma bu kimya sənayesinin bir qolu olaraq iqtisadiyyatımızın diversifikasiyasında rol oynayır.

- Avropa İttifaqı sizin üçün vacib iqtisadi tərəfdaşdır. Bu əlaqələr son illərdə necə inkişaf etmişdir?

- Avropa İttifaqı bizim böyük iqtisadi tərəfdaşımızdır. Bizim Avropa İttifaqının demək olar ki, bütün üzvləri ilə sıx əməkdaşlığımız var. Almaniya üçün, misal olaraq, biz neft ixracatçısı kimi yeddinci yerdəyik. Biz bu iqtisadi münasibətlərin gələcəkdə daha inkişaf etdirilməsi üçün böyük potensial görürük. Biz enerji resurslarımızı Avropa İttifaqına ixrac edirik, buradan isə yeni texnologiyalar, çoxlu sayda maşınqayırma, eləcə də ərzaq məhsulları idxal edirik. Biz gələcəkdə Avropa İttifaqı ilə münasibətləri daha da inkişaf etdirəcəyik.

- Neft və qazı çıxmaq şərtilə ölkəniz hansı məhsulları ixrac edir?

- Daha çox kənd-təsərrüfatı məhsulları ixrac edirik. Düşünürəm ki, bu sahədə müsbət inkişaf nəticəsində kənd-təsərrüfatı məhsulları ixracının payı artacaq.

- Avropa xaricində hansı ölkələr ölkəniz üçün ən mühüm ticarət tərəfdaşlarıdır?

- Digər mühüm tərəfdaşlar qonşu ölkələrdir – Türkiyə və Rusiya. Təbii ki digər qonşu ölkələrlə - İran və Gürcüstanla da əməkdaşlıq edirik. Xəzər dənizi vasitəsilə biz Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edirik. Bu ölkələr ilə, xüsusilə İpək Yolu və ya Şimal-Cənub oxunda yerləşən ölkələr ilə münasibətlərin daha da inkişaf etdirilməsi üçün biz nəqliyyat infrastrukturunun inkişafına töhfəmizi vermişik. Nəticələr yaxın zamanda özünü göstərəcək. Bir neçə ildən bəri biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində işləyirik. Bu, "İpək yolu"nun Asiya və Avropanı birləşdirəcək hissəsidir. Eyni zamanda bizim Xəzər dənizində daşıma imkanlarımızı tamamlayan donanmamız var. Bakı yaxınlığında müasir liman da tikilmişdir.

- Almaniya ilə ticarət münasibətləri barədə danışaq. Bu münasibətlər son zamanlar necə inkişaf etmişdir?

- AFR ilə bizim həmişə yaxşı iqtisadi münasibətlərimiz olmuşdur. Almaniyanın Cənubi Qafqaz regionu ilə bütün ticarət dövriyyəsinin 80%-i Azərbaycanın payına düşür. Bütün keçmiş Sovet məkanında Rusiyadan sonra Almaniyanın ikinci ticarət palatası məhz 2012-ci ildə Bakıda açılmışdır. Bu o deməkdir ki, alman tərəfi Azərbaycanda potensial görür. Ticarət palatasının açılması iqtisadi münasibətlərimizin sonrakı inkişafı üçün böyük töhfə olmuşdur. Hazırda Azərbaycanda təxminən 170 alman şirkəti fəaliyyət göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin AFR Kansleri xanım Anqela Merkelin dəvəti ilə Berlinə səfəri çərçivəsində Azərbaycan-Alman İqtisadi Forumu keçirilmişdir. Forumda cənab Prezident İlham Əliyev, eləcə də Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri cənab Ziqmar Qabriel iştirak etmişlər. Alman şirkətləri Foruma böyük maraq göstərmişlər. Forumda 60-dan çox Azərbaycan şirkəti də iştirak etmişdir. Forumun davamı olaraq iqtisadi nümayəndə heyətlərinin Azərbaycana çoxlu sayda səfərlərini gözləyirik.

- Alman tərəfindən hansı sahələr bu forumda təmsil olunmuşdur?

- Çoxlu sahələrdən. Azərbaycanda son illərdə biz çoxlu infrastruktur layihələri başlamışıq: yolların tikintisi, elektrik xətlərinin çəkilməsi, su təchizatı, suvarma sistemi, şəhərlərin abadlaşdırılması və digər sahələrdə. Bu işlərdə alman şirkətləri də iştirak edir və biz Almaniyadan daha çox şirkət cəlb etmək istəyirik. Iqtisadi islahatlar vasitəsilə ölkəmizdə cəlbedici investisiya şərtləri yaratmışıq. Şirkətlər Azərbaycanda əlverişli şərtlərlə istehsal edə və öz məhsullarını buradan regiondakı bazarlara çıxara bilərlər. Biz alman şirkətlərinin marağının güclü olduğunu görürük.

- Hansı Azərbaycan şirkətləri Forumda iştirak etmişdir?

- Bir çox sahələrdən. Misal üçün, neft kimyası, İnformasiya texnologiyaları, tikinti sahəsi, elektrotexnika, tibb texnikası, turizm və s. Forumda Azərbaycan və alman şirkətləri arasında əməkdaşlığa dair 7 anlaşma memorandumu və digər sənədlər imzalanmışdır. Buraya Azərbaycanda peşə təhsilinin inkişafına dair razılaşma da daxildir.

- Anlaşma memorandumları adətən qeyri-məcburi müqavilələrdir. Siz uğurlu nəticələr barədə məlumat verə bilərsiniz? Prezidentinizin səfərinin münasibətlərin inkişafına necə təsir edəcəyini düşünürsünüz?

- Bu cür səfərlər böyük rol oynayır. Bu səfərlərdən hər iki tərəfə münasibətlərin intensivləşməsi üçün iqtisadi siyasət nöqteyi-nəzərindən müsbət siqnallar gedir. Müsbət nəticələrin olacağından əminəm.

Gəlin neft mövzusunda danışaq. Aprel ayında Dohada keçirilən görüş çoxlarının öncədən gözlədiyi kimi olmadı. Neft qiyməti ilə bağlı mübahisədə razılıq əldə olunmadı. İran və Səudiyyə Ərəbistanı görüşdə iştirak etmədilər və İndoneziya da həmçinin bu şəkildə razılığın olmayacağını bildirdi. Bundan sonra necə olacaq və bunun ölkəniz üçün nəticələri nədir? Müsahibənin əvvəlində Siz mənfi nəticələrin ölkəniz üçün aşırı olmadığını bildirdiniz. Buna baxmayarq vəziyyət Sizin ölkə üçün də az sevindiricidir.

Neftin qiyməti bir dollar dəyişəndə belə, bu böyük neft idxalatçıları üçün yüz milyardlarla dollar dəyişiklik yaradır. Bəziləri düşünür ki, aşağı neft qiymətləri ticarəti və inkişafı qabağa aparmalı idi, lakin bu baş vermədi. Nə hasilatçı, nə ixracatçı, nə də istehlakçı ölkələr bu vəziyyətdən xeyir əldə etmədilər. Bu onu göstərir ki, süni aşağı və ya yüksək qiymətlər yaxşı hal deyil. Neft istehsalçıları üçün real və sabit qiymətlərin olması faydalı olardı. Bundan bütün tərəflər faydalana bilərdi. Doha görüşü və OPEC razılaşmasına dair: Biz gördük ki, yekdil fikrə gəlmək asan deyil. Ölkələrin öz maraqları var və onlar müştərilərini itirməmək üçün qiymət dəyişməkdə maraqlı deyillər. Buna baxmayaraq razılaşmalar olmadan da neftin qiymətinin qalxmasını müşahidə edirik və bu bizi təbii ki sevindirir. Neftin qiyməti bu gün 50 dollar-a yaxındır, baxmayaraq ki biz dövlət büdcəmizi 25 dollardan planlaşdırmışdıq. Bizim iqtisadiyyatımız üçün bu, təbii ki üstünlükdür. Məqsədimiz ondan ibarətdir ki, neft qiymətindən asılı olmamaq üçün iqtisadiyyatımızın diversifikasiyasını davam etdirək. 2020-ci ilə kimi ÜDM-də enerji sektorunun payı 20%-ə endirilməlidir. Biz qeyri-enerji sektoruna böyük diqqət yetiririk. Eyni zamanda hazırki aşağı neft qiymətlərinə baxmayaraq böyük enerji layihələrimizi də həyata keçiririk. Həyata keçirilməkdə olan bir böyük miqyaslı layihə Xəzər qazını Cənub-Şərqi Avropaya nəql etməli olan Cənub Qaz Dəhlizi layihəsidir.

- Siz layihələrə toxundunuz. Gələcəkdə hansı layihələr nəzərdə tutulub? Zəhmət olmasa növbəti illərə dair gözləntilərinizi qısa təsvir edərdiz.

- Deyildiyi kimi, hazırda biz Cənub Qaz Dəhlizinin tikintisində fəal iştirak edirik, onun çərçivəsində dörd böyük layihəyə investisiya qoyuruq: Xəzər dənizindəki Şahdəniz 2 yatağında qaz hasilatı, Cənubi Qafqaz, Türkiyə ərazisindən keçən Transanadolu kəməri və Transadriatik kəmərinin tikintisi. Bu layihələrin hər birində başlıca rol Azərbaycana məxsusdur. Layihələr 2019-cu ildə hazır olacaq və biz gəlirlər əldə edəcəyik. Neft qiymətinin düşməsinə görə daha intensiv xarakter alan iqtisadi islahatlar da tezliklə öz məhsulunu verəcək. Biz bəzən asan olmayan bu prosesi başlamışıq və iqtisadiyyatımız artıq 2016-cı ildə artıma nail olmalıdır. 2017-ci ildə isə daha böyük artım gözləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə