Bakının Səbail rayonu ərazisində yerləşən Mərkəzi Nəbatat Bağı paytaxtın yaşıl mədəni-mərkəzlərindən biri hesab olunur. Xüsusilə isti yay günlərində buraya istirahət üçün kifayət qədər insan üz tutur. Bakıda 100 hektara yaxın sahədə salınmış bağ elmi-tədqiqat işləri üçün istifadə olunsa da, insanların da burada istirahəti üçün imkanlar yaradılıb və vətəndaşlarımız da bu fürsərdən yararlanırlar. Bilməyənlərin diqqətinə çatdıraq ki, Mərkəzi Nəbatat Bağına giriş ödənişlidir. Biletin qiyməti isə 1 Azərbaycan manatıdır. Di gəl ki, bu gözəlliyin içərisində ürək bulandıran məqamlar da var. Redaksiyamıza daxil olan şikayət məktubları əsasında məlum olub ki, bağda əsl vəzifəsi mühafizəçi olan bir neçə şəxs (adlar dəqiq deyil) buraya ziyarətə, istirahətə gələn insanlara qarşı ağıllı-başlı qoçuluq edir, bəlkə də qarətçiliklə məşğuldurlar desək, söhbəti şişirmiş olmarıq.
Təsəvvür edin, siz tələb olunan məbləği ödəyib bağa girdikdən sonra, gəzdiyiniz yaşıl məkanın hər hansı köşəsində bu gözəlliyi əbədiləşdirmək istəyirsiniz və şəkil çəkdirmək fikrinə düşürsünüz. Elə bu an "mühafizəçilər" sanki ağır cinayətkarı yaxalayıbmış kimi sənin ətrafında çənbər yaradır və səndən bunun üçün əlavə pul ödəməyi tələb edirlər, nə az, nə çox – 20 Azn. Sənin onlarla "dil tapmaq" cəhdlərin isə əbəsdir.
KİV haqqında qanundan anlayışı olmayan və vətəndaşlarla danışıq tərzini bilməyən hətta öz vəzifəsinin nədən ibarət olduğunu dərk etməyən mühafizə xidmətinin əməkdaşları əllərinə qılıncı alıb deyirlər: "Burda mənəm, Bağdadda kor xəlifə".
Bağda hökm sürən özbaşınalıqları əməkdaşımız çəkilişdə olan zaman yaxından şahidi olub. İçəri daxil olmaq istəyirsənsə ilk öncə qapının girişində xəzinədara müəyyən olunmuş qaydada rüsum ödəyirsən, sonra gözəl bağın mənzərəsini seyr etməyə yollanırsan. Elə hər şey də bundan sonra başlayır. Bağın ortasında qəfildən qarşına çıxan qoçular (mühafizə xidmətinin əməkdaşı) yanında xanım olduğunu görüb fürsətdən istifadə edərək pul qazanmaq həvəsinə düşürlər. Əməkdaşımıza yaxınlaşıb bildirirlər ki, bağda şəkli çəkdirmək olmaz, yaxud da bunun üçün "haqq" ödəməlisən. Özünü təqdim edən əməkdaşımız qeyd edir ki, sayt üçün çəkiliş edirik və bundan da xəzinədarın xəbəri var və bizi tələb olunan məbləği ödəmişik. Bir neçə dəqiqədən sonra daha bir mühafizəçi yaxınlaşır. Ona da izah etməyə çalışırıq ki, bu ödənişli çəkiliş deyil və heç bir qazanc məqsədi daşımır. Öz vəzifəsindən sui-istifadə edən mühafizə xidmətinin əməkdaşı fotoaparatı müxbirimizin əlindən almağa cəhd edir. Görünür bu bağda, xəzinədar da, müdir də elə mühafizə xidmətinin əməkdaşlarıdır. Zorla əməkdaşımızdan müəyyən məbləğdə pul istəyirlər. Hadisələrin bu cür cərəyan etməsindən xeyli narahat olan həmkarımız tələb olunan məbləği xəzinədara ödəsə də o, qeyd etdi ki, "mən heç nəyə qarışmıram, özünüz bilərsiniz".
İnanırıq ki, bundan sonra aidiyyəti qurum və yaxud qurumlar 82 illik tarixi olan Mərkəzi Nəbatat Bağının adına ləkə gətirən insanlar haqqında lazımı araşdırma aparacaqlar.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB