İyulun 1-də İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın məlumatına görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Ümumilikdə qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, region üçün ənənəvi sahələrin inkişafı, istehsal və emal müəssisələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Bundan başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, arıçılıq, taxılçılıq, çayçılıq sahələrinin inkişafı, istixanaların, soyuducu anbarların, yaradılması, süd və süd məhsulları, dəmir məmulatları istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi, alkoqolsuz içkilər zavodunun və sənaye-mexanikləşdirmə müəssisənin fəaliyyətinə dəstəyin göstərilməsi barədə müvafiq göstərişlər verilib.
Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.
Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Ümumilikdə, Lənkəranda keçirilmiş qəbulda 50-ə yaxın vətəndaş müraciət edib.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB